Report müxbirinin məlumatına görə, Sarsanq su anbarında təşkil olunan tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib.

Açılış mərasimi Dövlət himninin ifası ilə başlayıb, daha sonra iştirakçılar Vətən uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gənclər və İdman naziri Fərid Qayıbov qeyd edib ki, Sarsanq su anbarında ilk dəfə reqatanın keçirilməsi qürurvericidir və vurğulayıb ki, yarışların təşkilati səviyyəsi durmadan artır. Nazir idmançıların yarışlardan zövq alacaqlarına əmin olduğunu bildirib.

Mərasim çərçivəsində milli musiqi və rəqs nümunələri təqdim olunub, iştirakçı ölkələrin bayraqları ilə skuterlər su üzərində dövrə vurublar. Daha sonra akademik avarçəkmə, kayak, kanoe, əjdaha qayıqları və yelkənli idman üzrə ilk yarışlar keçirilib.

Reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı iştirak edir. Yarışlar mayın 1-də başa çatacaq.