Report xəbər verir ki, QMK öz bəyanatında xatırladır ki, Eçmiədzin erməni işğalı dövründə Azərbaycan tarixi-mədəni və dini abidələrinin dağıdılmasına biganə qalıb, bu gün isə ölkələr arasında münasibətlərin normallaşmasının həssas dövründə əsassız ittihamlarla çıxış edir.

“İşğal dövründə tikilmiş iki qanunsuz tikilinin sökülməsi dini və ya mədəni irsin məhv edilməsi kimi təqdim edilə bilməz”, – deyə bəyanatda qeyd olunur.

Bildirilir ki, 2023-cü ildə Azərbaycanın öz əraziləri üzərində tam suverenliyinin bərpasından sonra bu obyektlər işğalın simvolu olaraq uzun müddət əvvəlki vəziyyətdə saxlanılıb.

Həmçinin vurğulanır ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər dəfələrlə dövlət orqanlarına və məhkəmələrə işğal dövründə tikilmiş obyektlərin sökülməsi tələbi ilə müraciət ediblər. “Beynəlxalq humanitar hüquqa görə, işğalçılar tərəfindən işğal olunmuş ərazidə tikilmiş tikililər qanunsuz sayılır və sökülməlidir”, – deyə sənəddə bildirilir.

Bəyanatda qeyd olunur ki, Birinci Qarabağ müharibəsi hadisələrini nəzərə alaraq, bu cür obyektlərin sökülməsi üçün həm hüquqi, həm də mənəvi əsaslar mövcuddur.

QMK həmçinin vurğulayıb ki, Azərbaycan məscid, kilsə və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi azsaylı ölkələrdən biridir və bu, dini tolerantlığın dərin ənənələrini əks etdirir.

Qeyd olunur ki, dövlət işğal dövründə dağıdılmış dini və mədəni abidələrin, o cümlədən Şuşadakıların bərpasını davam etdirir, həmçinin Bakıdakı erməni kilsəsinin mühafizəsini təmin edir.

“Eçmiədzinin bu qədər həssas bir məqamda Azərbaycanda əsrlər boyu mövcud olan bu reallığı təhrif etmək cəhdləri yalnız regionda davamlı sülhün qurulmasına yönəlmiş səyləri zəiflədir. Siyasi təxribat təcrübəsi və regionda davamlı sülhün qurulmasına mane olmaq cəhdləri ilə bağlı bu cür bəyanatlar birdəfəlik dayandırılmalıdır”, – deyə QMK əlavə edib.