Fərman məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması məqsədilə imzalanıb.

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin ediləcək.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər növbəti maliyyə ili üzrə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi üçün tələb olunan məqsədli vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.