Qvadalaxarada keçirilən matçın ssenarisi uzun müddət Cənubi Koreya təmsilçisi üçün uğursuz inkişaf etsə də, komanda oyunun gedişatını dəyişərək vacib üç xal əldə edib.

Day.Az İdman.Biz -ə istinadən xəbər verir ki, qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Çexiya millisi yalnız 59-cu dəqiqədə önə keçib. Komandanın kapitanı Ladislav Kreyçi autdan sonra yaranan vəziyyətdə topu qapıya göndərərək hesabı açıb. Lakin avropalılar üstünlüklərini sona qədər qoruya bilməyiblər.

Görüşün qəhrəmanı Hvan İn Bom olub. Yarımmüdafiəçi 67-ci dəqiqədə fərdi ustalığını nümayiş etdirərək hesabı bərabərləşdirib. O, həmçinin qələbə qolunun da müəlliflərindən biri olub. 80-ci dəqiqədə meydana sonradan daxil olan O Hyon Gyu komanda yoldaşının ötürməsini dəqiq tamamlayaraq matçın yekun nəticəsini müəyyənləşdirib - 2:1.

Matçın son dəqiqələrində Çexiya millisi hesabı bərabərləşdirməyə çalışsa da, koreyalılar üstünlüyü qorumağı bacarıblar. Beləliklə, Cənubi Koreya mundiala qələbə ilə başlayıb və ilk turdan sonra aktivinə 3 xal yazdırıb.