Report xəbər verir ki, yeni qanun maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını (əvvəllər lizinq adlanırdı - red.), habelə bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi mexanizmlərini müəyyən edir. Onun məqsədi maliyyə icarəsi fəaliyyətinin inkişafı və təşviqi, ölkənin iqtisadi artımında rolunun gücləndirilməsidir.

Sənəddə 'alış qiyməti', 'geri qaytarılan maliyyə icarəsi', 'maliyyə icarəsi', 'maliyyə icarəsi alan', 'maliyyə icarəsi fəaliyyəti', 'maliyyə icarəsi müqaviləsi', 'maliyyə icarəsi ödənişləri' və s. kimi anlayışlar öz əksini tapıb.

Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyır.

Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay ərzində ölkədə lizinq fəaliyyəti göstərən şəxslər (o cümlədən normativ hüquqi aktlara uyğun olaraq hazırda lizinq fəaliyyətini dayandırmış şəxslər) öz fəaliyyətlərini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil olmaq üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər.

Göstərilən müddətdə qanunun tələblərini yerinə yetirməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli, firma adında 'maliyyə icarəsi', 'maliyyə lizinqi', 'lizinq' sözləri və ya bu sözlərdən ibarət ifadələr olduqda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun tədbirlər görməlidirlər.