Bakı Metropoliteninin tarixində yeni bir dövr başlayır.

Day.Az xəbər verir ki, bunu Trend -ə müsahibəsində "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, bu dövrü Bakı şəhərinin nəqliyyatı üçün də yeni era adlandıra bilərik:

Xətlər üzrə müstəqil hərəkətin təşkilini təmin etmək istiqamətində əhəmiyyətli addımların atılmasına başlanılıb

"Çünki Dövlət Proqramına uyğun olaraq, qarşıdakı dövrdə Bakı Metropoliteni üçün bir sıra tədbirlər görüləcək, 10 yeni stansiyanın inşası ilə şəhərin nəqliyyat və mikromobillikdə mənzərəsi büsbütün dəyişəcək. Və əlbəttə ki, bütün bunların ən vacib tərkib hissələrindən biri də xətlərin ayrılması layihəsidir. 50 il ərzində Bakı Metropolitenində həm Yaşıl, həm də Qırmızı xətlər üzrə qatarlar "28 May"

stansiyasından sonra eyni istiqamətdə hərəkət edib. Bu səbəbdən xətlər üzrə müstəqil hərəkətin təşkili mümkün olmayıb. Artıq Bakı Metropolitenində qeyd etdiyim yeni eranın - xətlər üzrə müstəqil hərəkətin təşkilinin təmin edilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına başlanılıb

Avqustun 15-i, yəni bu gündən etibarən Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətləri üzrə qatarların hərəkəti fərqli istiqamətdə təmin olunur. Səhər saat 6-dan etibarən Qırmızı xətt üzrə Həzi Aslanov istiqamətində qatarların hərəkəti 2 dəqiqə 30 saniyə ilə təmin olunur".

Yalnız 28 May-Nizami sahələri arasında qatarların hərəkəti dayandırılıb

Bəxtiyar Məmmədov xüsusi olaraq qeyd edib ki, 28 May stansiyası funksional fəaliyyətini davam etdirir, sərnişinlərini qəbul edir:

"Yəni səhər saat 6-dan gecə 12-yə qədər stansiyanın qapıları sərnişinlər üçün açıq olur. Eyni zamanda, Yaşıl xətt üzrə artıq Bakı Metropoliteninin qatarlarının hərəkəti Dərnəgül-Nizami olmaqla təmin olunur. Başqa sözlə, yalnız 28 May-Nizami sahələri arasında qatarların hərəkəti dayandırılıb".

Bakı metropoliteninin sərnişinləri artıq əvvəlki problemlərlə qarşılaşmayacaqlar

Qurum rəsmisi diqqətə çatdırıb ki, bundan sonrakı dövrdə xətlərin ayrılması layihəsi üzrə 200 metrlik iki tunelin inşası işləri aparılacaq. Bu işlər 11 aya yaxın müddət ərzində davam etdiriləcək:

"Sərnişinlərimizdən rica edirik ki, bu müddət ərzində təşkil edilmiş ekspres marşrutlardan və eyni zamanda müntəzəm marşrut avtobuslarından istifadə edərək yaşıl və qırmızı xətlərin stansiyalarından birindən digərinə doğru hərəkət etməyə üstünlük versinlər, səfər planlarını əvvəlcədən müəyyən etməyə, xüsusən də ənənəvi, daimi hərəkət istiqamətləri üzrə marşrutlarını rahat müəyyən etməyə çalışsınlar. Bundan əlavə, xüsusi olaraq qeyd edim ki, Bakı Metropolitenində bu dövrdə xüsusi layihələr həyata keçiriləcək ki, sonrakı dövr ərzində Bakı Metropoliteninin sərnişinləri artıq əvvəl qarşılaşdıqları bir sıra problemlərlə rastlaşmasınlar. İlk növbədə, artıq Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə hərəkət edən sərnişinlərimiz qarşılarına çıxan ilk qatara minərək yollarına davam edə bilərlər. Bu, artıq ilk müsbət cəhətdir. Çünki "28 May" və "Əhmədli"

stansiyaları arasındakı stansiyalarımızda sərnişin axınının toplaşması baş verirdi. Yəni Dərnəgül istiqamətinə gedən sərnişinlərimiz məcburən şəhər qatarını buraxmalı olurdular. Belə olduqda minib-düşmə prosesinin ləngiməsi, sərnişin axınlarının bir-birinə qarışaraq maneə yaratması kimi hallar baş verirdi. Bundan sonra isə bu hallar olmayacaq

2028-ci ildən Bakı Metropolitenində intervallar minimuma - 2 dəqiqəyə enəcək

Bəxtiyar Məmmədov bildirib ki, layihənin növbəti mühüm yeniliyi artıq 11 aydan sonrakı dövrdə mərhələli şəkildə həyata keçiriləcək:

"İlk növbədə, qeyd etdiyim istiqamətdə artıq Bakı metropoliteni intervalları azaltmaq istiqamətində əhəmiyyətli addımlara başlamış olacaq. Xüsusilə qeyd edim ki, 2028-ci ildə yekunlaşdırılacaq "İçəri Şəhər" stansiyasının dönmə kamerasının inşası işlərində intervalların azaldılması istiqamətində ən mühüm yenilik tətbiq edəcək. Belə ki, qırmızı xəttdə interval iki dəqiqə və daha aşağı olacaq. Eyni zamanda, 2028-ci ildə artıq dönmə kamerası inşa olunub başa çatdırıldıqdan sonra intervalları, yəni dünya praktikasında olduğu kimi, ən minimal həddə çatdırmaq mümkün olacaq.

Yaşıl xətt üzrə isə xətlərin ayrılması layihəsi, yəni 200 metrlik tunelin inşası başa çatdıqdan sonra Dərnəgül-Nizami-Cəfər Cabbarlı istiqamətində qatarlar hərəkət edəcək. Həmin istiqamətdə növbəti keçid inşa olunaraq dönmə kamerası təmir olunduqdan sonra isə o istiqamətdə də iki dəqiqəlik intervalın tam olaraq təmin olunması həyata keçiriləcək.

Bir sözlə, bundan sonrakı dövr artıq Bakı Metropoliteninin yeni stansiyaların inşasını da nəzərə alaraq şəhərə, şəhər mərkəzinə doğru axın istiqamətlərinin tənzimlənməsi, şəhərin daha dayanıqlı nəqliyyat növü olan metropolitenin daha geniş istiqamətlər üzrə daşıma qabiliyyətinin artırılması, xüsusən kəsişmə stansiyaların olması ilə xətlərin bir-biri ilə əlaqəsinin gücləndirilməsi, sərnişinlərimizə maksimum rahatlığın təmin edilməsi və sonrakı dövrlər üçün inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq".

Bakı Metropoliteni stansiyalarında könüllülər və əlavə işçi qüvvəsi cəlb olunub

Bəxtiyar Məmmədov bildirib ki, dəyişikliklə əlaqədar metroya əlavə işçi qüvvəsi və könüllüllər də cəlb edilib. Onun sözlərinə görə, bütün bunların hər biri metro stansiyasına daxil olan sərnişinlərin məlumatlandırılması, onların istiqamətləndirilməsi baxımından əhəmiyyətli rol oynayacaq.

O həmçinin bildirib ki, bu dövrdə xüsusi tədbirlər həyata keçiriləcək, monitorinqlər aparılacaq:

"Həm ekspres marşrutlar üzrə, həm Bakı Metropolitenində intervalların, ehtiyat qatarlardan istifadə edilməsi qaydası ilə bağlı monitorinqlər aparılacaq. Əsas məsələ sentyabr ayının 15-dən sonra artacaq sərnişin tələbatını iki nəqliyyat tərəfinin (Metropoliten və AYNA) daha uyğun, daha rahat şəkildə təmin etməsidir".