Magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr portal.edu.az üzərindən tələbə qeydiyyatı prosesini həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.

Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimal qəbul göstəriciləri müəyyən edilib:

- Subbakalavr - 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;

- Bakalavriat səviyyəsi - 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;

- Magistratura səviyyəsi - 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;

- SAT nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul olunanlar üçün - minimum 1200 bal;

- Texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə - attestatda müvafiq fənlərdən yekun qiymətlərin ədədi ortası minimum 3.

Qeyd edək ki, minimal qəbul göstəriciləri yalnız standart təhsil tələbə kreditlərinə münasibətdə tətbiq olunur. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı nəzərdə tutulmur.

Diqqət: 2026-2027-ci tədris ili üzrə bakalavriat səviyyəsi və subbakalavra yeni qəbul olan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciətlərini təqdim edə biləcəklər.

Yeni tədris ilinin başlanması münasibətilə bütün tələbələrə təhsil həyatında uğurlar arzulayırıq.

Qeydiyyat ünvanı: www.e-ttkf.edu.az.