Nazir qeyd edib ki, Milli kimlik məsələsi qarşıda duran ən mürəkkəb məsələlərdəndi:

"Şəxsiyyət dedikdə isə daha çox dəyərləri qabardardım. İstənilən təhsil sisteminin qarşısında iki vacib məqam dayanır. Xüsusilə bizim kimi coğrafiyada yerləşən və bizim kimi xüsusiyyətlərə malik xalqlar və dövlətlər baxımından bunlardan biri milliliyin, adət-ənənələrin və dəyərlərin, o cümlədən dilin qorunmasıdır. Azərbaycan dilinin digər dillərin inkişafı fonunda itib-batmaması, rəqabətə davam gətirməsi baxımından bu bizim üçün açıq çağırışdır. Bu nöqteyi-nəzərdən, dəyərlər dedikdə, milli kimlik və milli dəyərlər kontekstində azərbaycançılıq ideologiyası əsasında gələcək nəsillərin milli dəyərlərini dövrün reallıqlarına uyğunlaşdırmış bir azərbaycanlı nəsil yetişdirən məktəb nəzərdə tutulmalıdır. Eyni zamanda, beynəlxalq rəqabəti və beynəlxalq konteksti də unutmamalıyıq.

Texnoloji dövrdə çalışmalıyıq ki, insani dəyərlər qorunsun. Digər məsələlər isə zamanın tələbi ilə dəyişən məsələlərdir. Xüsusilə milli kimlik məsələsi qarşımızda duran ən mürəkkəb, diqqətlə yanaşmalı və heç vaxt unutmamalı olduğumuz məsələlərdən biridir".

Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da Trend İnformasiya Agentliyində, APA İnformasiya Agentliyində və "Xəzər TV" televiziya kanalında yayımlanacaq.