"18 iyunda İran və ABŞ arasında imzalanan anlaşma memorandumu tam şəkildə icra olunduğu halda, müharibə kölgəsini Fars körfəzi, Qərbi Asiya üzərindən tamamilə götürə, regional və beynəlxalq sülhə müsbət təsir göstərə bilər", - deyə o bildirib.

Pakayin əlavə edib ki, bu anlaşma tam şəkildə icra olunarsa, ticarət gəmilərinin Hörmüz boğazından heç bir təhlükə olmadan keçidinə şərait yarada bilər. Bu da körfəz ölkələrindən xam neft idxal edən sənaye ölkələri üçün çox önəmli olacaq.

Sabiq iranlı rəsmi qeyd edib ki, iki mərhələdən ibarət anlaşma memorandumunda müharibənin dayandırılması əhəmiyyət kəsb edir. 1-ci mərhələdə müharibənin dayandırılması, ABŞ tərəfindən dəniz blokadasının ləğv edilməsi, əldə olunan atəşkəsin pozulmaması, təkcə İran deyil, Livanda da atəşkəsin bərpa olunması anlaşma memorandumunda qeyd olunub. Bu istiqamətdə İsrailin də Livanda atəşkəsə riayət etməsi qeyd olunur. Qarşılığında İran da Livan "Hizbullah"ından İsrailə qarşı addımlar atmamasını istəyəcək. Beləliklə atəşkəs həm İran və ABŞ arasında, həm də İsrail və Livan arasında bərpa olunacaq.

Pakayin əlavə edib ki, 2-ci mərhələdə 60 günlük müzakirələrin aparılması nəzərdə tutulub. Bu mərhələdə 2 nüans diqqət mərkəzində olacaq. Birincisi ABŞ-ni inandırmaq lazımdır ki, İran atom bombası düzəltməyə doğru hərəkət etməyəcək. Bu isə İranın rəsmi siyasətidir ki, dəfələrlə İranın atom silahı düzəltmək, istehsal etmək və istifadə etməyə doğru hərəkət etməyəcəyi elan olunub. Bu baxımdan İran tərəfi ABŞ-ni qane edə bilər. Qarşılıqlı olaraq ABŞ İran əleyhinə tətbiq olunan bütün sanksiyaları ləğv etməli olacaq.

"60 gündən sonra bu anlaşma sazişə çevrilərsə, Qərbi Asiyada daimi sülhün bərpa olunacağına ümid bəsləmək olar", - deyə o qeyd edib.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.