Artıq kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb.

Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ağcabədi rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırda ölkənin bütün iqtisadi rayonlarında Dövlət Proqramının məqsəd və vəzifələrinin izah edilməsi, yerlərdə mövcud vəziyyətin qiymətləndirilməsi və sahibkarların təkliflərinin dinlənilməsi məqsədilə müşavirələr keçirilir. Bugünkü görüş də həmin prosesin tərkib hissəsidir:

"Dövlət Proqramının qəbul edilməsi təsadüfi deyil. Son on il ərzində aqrar sahədə mühüm institusional və struktur islahatlar həyata keçirilib, dövlət dəstəyi mexanizmləri genişləndirilib, müasir infrastruktur yaradılıb, aqroparklar formalaşdırılıb, su təsərrüfatı və meliorasiya sahəsində iri layihələr icra edilib. Qarşıdakı dövrün əsas vəzifəsi yaradılmış imkanları daha böyük iqtisadi nəticələrə çevirməkdir. Bu gün dünyada ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir. Belə şəraitdə uğur yalnız istehsalın həcmi ilə deyil, məhsuldarlıq, səmərəlilik, texnologiya və əlavə dəyər yaratmaq bacarığı ilə ölçülür".

Ş.Mövsümov əlavə edib ki, bu baxımdan Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılması, emal imkanlarının genişləndirilməsi, ixrac potensialının gücləndirilməsi və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsidir:

"Bu mərhələdə əsas məqsəd mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox məhsul əldə etmək, hər təsərrüfatın gəlirliliyini artırmaq, istehsal olunan məhsulun daha böyük hissəsini emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır".