Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Ağcabədi rayonunda

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"

nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, proqramın əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın və əlavə dəyərin artırılması, ixracyönümlülüyün genişləndirilməsi, innovasiya və rəqəmsallaşmanın inkişaf etdirilməsidir.

"Sənəd 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Proqram yalnız istehsalın artırılmasını deyil, həm də emal, logistika, saxlama, qanunvericilik islahatları və rəqəmsal idarəetmə mexanizmlərini özündə birləşdirən kompleks yanaşmaya əsaslanır.

Proqram çərçivəsində intensiv bağçılığın genişləndirilməsi, buğda və pambıq məhsuldarlığının artırılması, müasir suvarma sistemlərinin tətbiqi, aqroparkların və istixana təsərrüfatlarının inkişafı, intensiv heyvandarlığın genişləndirilməsi kimi istiqamətlər prioritet olaraq müəyyən edilib", - deyə o bildirib.

Nazir müavini əlavə edib ki, aqrar sahənin idarə edilməsində süni intellekt həllərinin genişləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) inkişafı və məlumat əsaslı qərarvermə mexanizmlərinin tətbiqi də proqramın əsas hədəfləri sırasındadır.