Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, regionların mərkəzi büdcədən maliyyə asılılığının azalması da 2025-ci ilin müsbət nəticələrindəndir:

"Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya əvvəlki illə müqayisədə 25,2 milyon manat və ya 13,6 faiz azalıb. Yerli gəlirlər hesabına xərclərini maliyyələşdirən şəhər və rayonların sayının artması regionların iqtisadi və maliyyə potensialının gücləndiyini göstərir. Beləliklə, ötən il fiskal orqanlar tərəfindən daxilolmaların artıqlaması ilə təmin edilməsi və büdcə xərclərinin səmərəli icrası hesabına dövlət büdcəsi profisitlə yerinə yetirilib".

S.Babayev əlavə edib ki, 2025-ci il icmal büdcənin gəlirləri 48 mlrd. manat, xərcləri isə 44,6 mlrd. manat təşkil edib, icmal büdcə də profisitlə icra olunub.

Ümumilikdə, 2025-ci ildə ölkədə makroiqtisadi sabitliyin qorunması, dövlət gəlirlərinin artırılması, qeyri-neft sektorunun genişləndirilməsi, borc dayanıqlılığının təmin edilməsi və sosial öhdəliklərin maliyyələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayan nazir qarşıdakı dövr üçün hədəflərdən də danışıb.

"Əsas hədəf müsbət nəticələri möhkəmləndirmək, qeyri-neft gəlirlərinin artımını sürətləndirmək, dövlət xərclərinin səmərəliliyini yüksəltmək, büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır. Əminik ki, həyata keçirilən məqsədyönlü iqtisadi və fiskal siyasət ölkəmizin maliyyə dayanıqlılığının möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə və inkişaf hədəflərinə xidmət edəcək", - deyə nazir qeyd edib.

Nazir bildirib ki, hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 504 mln. manat vəsaitin sərf edilib ki, bu da 2024-cü illə müqayisədə 18,5 mln. manat və ya 3,8 faiz çoxdur.

"Ötən il güzəştli ipoteka kreditlərinin verilməsi üçün 85 milyon manat, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın maliyyələşdirilməsi üçün 15 milyon manat olmaqla, cəmi 100 milyon manat məbləğində vəsait sərf olunub. Hesabat ilində dövlət adından yaradılan və dövlət sifarişi əsasında görülən işlərin, xidmətlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 44 publik hüquqi şəxsə 968 milyon manat məbləğində vəsait ayrılıb. 2025-ci ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün 7,6 milyard manat və ya büdcəsi xərclərinin 19,6 faizi həcmində vəsait ayrılıb. Həmin mənbədən investisiya layihələrinin həyata keçirilməsi üçün 2,3 milyard manat vəsaitin yönəldilməsi təmin olunub", - deyə S.Babayev qeyd edib.

S. Babayev həmçinin investisiya xərclərinin 1,7 mlrd. manatının infrastruktur təyinatlı layihələrin, 303 mln. manatının sosial sferaya aid olan obyektlərin, 98 mln. manatının ölkənin müdafiə, məhkəmə, hüquq-mühafizə və digər sahələri üzrə obyektlərin tikintisinə, yenidənqurulmasına və əsaslı təmirinə yönəldildiyini vurğulayıb.

O bildirib ki, 2025-ci ildə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib.

Nazirin sözlərinə görə, 2025-ci ildə dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 mlrd. manat icra edilib ki, bu da 2024-cü illə müqayisədə 891 mln. manat və ya 2,4 faiz çoxdur.

"Bütövlükdə, ötən 5 ildə dövlət büdcəsinin xərcləri 11,2 milyard manat və ya 41 faiz artıb. Strukturuna görə dövlət büdcəsi xərclərinin 22,1 milyard manatı və ya 57,3 faizi cari xərclərə, 14,4 milyard manatı və ya 37,3 faizi əsaslı xərclərə, 2,1 milyard manatı və ya 5,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib", - deyə S.Babayev bildirib.

Maliyyə naziri hesabat ilində icra olunmuş 22,1 milyard manat məbləğində cari xərclərin 92 faizinin və ya 20,4 milyard manatının qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını vurğulayıb.