Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, dövlət proqramları çərçivəsində maliyyə resurslarına çıxışın genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib: "

Bura aqrar kreditləşmə, aqrar sığorta, subsidiyalar, zəmanətlər və güzəştli kreditləşmə mexanizmlərinin inkişafı, eləcə də müvafiq institusional alətlərin dəstəklənməsi daxildir".

Z.Nuriyev bildirib ki, dövlət fondları tərəfindən bütün istiqamətlər üzrə verilən kreditlərin həcmi hesabat dövründə 1,2 milyard manata çatıb.

O qeyd edib ki, bank sektorunun depozit portfeli artmaqda davam edir və 37,8 milyard manatı ötüb, illik ifadədə 2,8% artım göstərib.

"Fiziki şəxslərin depozitləri 18,7% artaraq 17,3 milyard manata çatıb ki, bu da əhalinin bank sisteminə etimadının qorunduğunu və bankların resurs bazasının möhkəmləndiyini göstərir.

Eyni zamanda dollarlaşma səviyyəsində azalma qeydə alınıb: valyuta depozitlərinin payı 35,7%-ə, valyuta əmanətlərinin payı isə 30,2%-ə enib", - deyə o bildirib.

Onun sözlərinə görə, bank sektorunun kapitalı 9,7% artaraq 7,7 milyard manata çatıb ki, bu da bankların maliyyə dayanıqlığının daha da gücləndiyini əks etdirir.

Z.Nuriyev rəqəmsal ödənişlərin aktiv inkişaf etdiyini də vurğulayıb:

"2026-cı ilin ilk dörd ayı ərzində ödəniş kartları üzrə əməliyyatların həcmi 49,4 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% artım deməkdir".

"Nağdsız əməliyyatların həcmi 29,9 milyard manatdan 34,5 milyard manata yüksəlib. Nəticədə kart əməliyyatlarında nağdsız ödənişlərin payı 67,1%-dən 69,9%-ə çatıb", - deyə o əlavə edib.