"Tibbi Rəqəmsal Əkiz Sistemi" vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.

Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində çıxışında bildirib.

Onun sözlərinə görə, bu reyestrlər vətəndaşların sağlamlıq göstəricilərinin, müalicə, peyvənd, laborator müayinə nəticələrinin, resept və digər sağlamlıq məlumatlarının vahid strukturda saxlanılmasını və səhiyyə müəssisələri arasında standartlaşdırılmış şəkildə mübadiləsini təmin edir.

"Məlumatların vahid informasiya məkanında toplanması süni intellektdən də istifadə etməklə dərin təhlil aparmağa, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarəetməyə və gələcək səhiyyə strategiyalarını inkişaf etdirməyə imkan verəcək. Rəqəmsal hökumət informasiya mühitində məlumatların bütövlüyünü təmin etmək məqsədilə tibbi məlumatların maliyyə sistemləri də daxil olmaqla digər dövlət informasiya sistemləri ilə inteqrasiyası təmin ediləcək", - nazir qeyd edib.