Mayın 20-də keçirilən "Global Startup Showcase" səhnəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə "Plug and Play" innovasiya şirkətinin tərəfdaşlığı əsasında həyata keçirilən "GOAL" proqramının qalibi olan Azərbaycan startapları da çıxış edib.

"GOAL" proqramı çərçivəsində "Global Startup Showcase" səhnəsinə çıxan beş Azərbaycan startapı - "Glacies Biome", "Bonfi", "Recepta", "Pixelfork" və "Pionero AI" biotex, sağlamlıq və süni intellekt sahələrində öz həllərini beynəlxalq auditoriyaya təqdim edib.

"Pionero AI" startapı isə bir neçə həftə öncə keçirilən "Shark Tank" sessiyasının qalibi qismində "Showcase" əsas səhnəsində investorlar önündə xüsusi təqdimat imkanı qazanıb və mayın 20-də çıxış edib. Tədbir Azərbaycan startaplarının qlobal platformalarda tanınmasını təmin etməklə yanaşı, onların Silikon Vadisi ekosisteminə inteqrasiyası, eləcə də beynəlxalq investisiya və korporativ tərəfdaşlıq üçün imkanlar yaradıb.