Reytinq agentliyi qeyd edir ki, "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) biznes profili fəaliyyətinin geniş miqyası və təbii qazın dəyər yaradılması zənciri boyunca inteqrasiya olunmuş strukturu ilə dəstəklənir. Buraya upstream seqmentində iştirak və əsas boru kəməri infrastrukturu da daxildir.

"Nəqliyyat aktivlərinin bir neçə ölkəni əhatə etdiyi coğrafi şaxələndirmə ayrı-ayrı bazarlardan asılılığı əlavə olaraq azaldır və müştəri bazasını genişləndirir. Bundan başqa, hökumətlərarası müqavilələr və qəbul edən dövlətlərlə sazişlər boru kəmərlərinin istismarı üçün möhkəm hüquqi baza formalaşdırır", - deyə "Moody's"in hesabatında bildirilir.

Agentliyin analitikləri həmçinin qeyd edirlər ki, Türkiyə və Avropada Azərbaycan qazına sabit tələbatın mövcudluğu SGC-nin əsas bazarlardakı mövqelərinin dayanıqlı qalmasına şərait yaradır.

"Tələbat Avropanın enerji təchizatının şaxələndirilməsi siyasəti və siyasi dəstək ilə təmin olunur. Bu, Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP-ın Aİ-nin Qaz Direktivinin bəzi müddəalarından istisna edilməsi ilə təsdiqlənir. Ukraynadakı müharibə və Yaxın Şərqdəki münaqişə ilə bağlı geosiyasi gərginlik fonunda Azərbaycandan qaz tədarükünün regional enerji təhlükəsizliyi üçün strateji əhəmiyyəti daha da güclənir", -hesabatda vurğulanır.

Eyni zamanda, Moody's bildirir ki, SGC daha volatilliyi ilə seçilən "upstream" seqmentinin risklərinə məruz qalır və əməliyyat riskləri bir əsas yataqdan asılılıq səbəbindən artır.

"'Şahdəniz' yatağı dünyada ən iri qaz-kondensat yataqlarından biridir. Bununla belə, bu, hasilatın 2024-cü ildə təxminən 27,8 milyard kubmetr, 2025-ci ildə isə 27,6 milyard kubmetr səviyyəsində plato mərhələsinə çatdığı nisbətən yetkin aktivdir. 2026-2027-ci illərdə hasilat həcminin təxminən 27 milyard kubmetr səviyyəsində qalacağı ehtimal olunur.

Təbii tükənmə səbəbindən uzunmüddətli hasilat azalması riskləri 2025-ci ildə işə salınmış və hasilat əmsalının artırılması, eləcə də hasilat platosunun uzadılmasına yönəlmiş 2,9 milyard dollarlıq "Shah Deniz Compression" layihəsi ilə qismən kompensasiya olunur. "Şahdəniz" üzrə məhsulun pay bölgüsü sazişi çərçivəsində beynəlxalq neft şirkətlərinin iştirakı - operatorun bp olması da daxil olmaqla - texnoloji təcrübə hesabına əməliyyat sabitliyini təmin edir. Bundan əlavə, ölkənin digər yataqlarından potensial qaz tədarükləri 'Şahdəniz'də hasilatın təbii azalması fonunda boru kəməri infrastrukturunun yüklənmə səviyyəsinin saxlanmasına kömək etməlidir", - hesabatda qeyd olunur.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında ölkə 6,5 milyard kubmetr qaz ixrac edib. Bunun 3 milyard kubmetri Avropaya, 2,4 milyard kubmetri Türkiyəyə (onun da 1,5 milyard kubmetri TANAP vasitəsilə nəql olunub), 0,8 milyard kubmetri Gürcüstana, 0,3 milyard kubmetri isə Suriyaya göndərilib.

Hesabat dövründə Azərbaycanda təbii qaz hasilatı 12,6 milyard kubmetr təşkil edib. Bunun 3,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 6,9 milyard kubmetri "Şahdəniz", 0,4 milyard kubmetri "Abşeron" yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.