"Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) likvidliyi yaxın 12-18 ay ərzində yüksək səviyyədə qalacaq.

Day.Az xəbər verir ki, bu barədə "Moody's" reytinq agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, buna, 2025-ci ilin sonuna olan vəziyyətə görə təxminən 2,8 milyard ABŞ dolları həcmində əhəmiyyətli pul vəsaiti, eləcə də "SOCAR Capital LLC" ilə xəzinədarlıq sazişi çərçivəsində 1,5 milyard dollar vəsaitin mövcudluğu şərait yaradır.

"Bu vəsaitlər, həmçinin qeyd olunan dövr ərzində əməliyyat fəaliyyətindən əldə olunacaq pul axınları şirkətə daxili mənbələr hesabına kapital xərclərini və orta həcmli borc öhdəliklərini çətinlik çəkmədən qarşılamağa imkan verəcək. Planlaşdırılan dividend ödənişlərinin yüksək pul vəsaiti generasiyası və SGC-nin əhəmiyyətli pul ehtiyatlarını nəzərə alaraq likvidliyə mənfi təsir göstərəcəyini gözləmirik. Suveren zəmanətlər təkrar maliyyələşdirmə risklərini əlavə olaraq azaldır və zərurət yaranacağı təqdirdə şirkətin əlavə dövlət dəstəyi alacağını da gözləyirik", - deyə "Moody's"in məlumatında bildirilir.

Agentliyin analitikləri qeyd edirlər ki, SGC formal maliyyə hədəfləri çərçivəsində fəaliyyət göstərməsə də, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın dəstəyi ilə balanslaşdırılmış maliyyə siyasətinə riayət edir.

"SGC həmçinin maliyyə siyasətinin daha da inkişaf etdirilməsi prosesindədir və biz maliyyə qərarlarının qəbul edilməsinin balanslaşdırılmış olaraq qalacağını gözləyirik. XRG-nin minoritar səhmdar qismində planlaşdırılan iştirakı da, böyük ehtimalla, korporativ idarəetmənin yaxşılaşdırılmasına töhfə verəcək", - deyə "Moody's" qeyd edir.

Qeyd edək ki, bundan əvvəl "Moody's" SGC-yə xarici və milli valyutada uzunmüddətli emitent reytinqlərini Baa3 səviyyəsində və baza kredit qiymətləndirməsini (BCA) baa3 səviyyəsində təyin edib. Proqnoz isə müsbətdir.