Aprelin 27-də müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ölkədə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokel başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb, APA-nın Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatı Vesti.az ötürür.

Məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər Xiyabanını və Türk Şəhidliyi Abidəsini ziyarət ediblər.

Daha sonra nümayəndə heyəti Zəfər Parkını ziyarət edib, burada Zəfər abidəsi önünə əklil qoyulub.

Baş Qərargahda keçirilən müşavirədə general-polkovnik Kərim Vəliyev qeyd edib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daim inkişaf edir və daha da genişləndirilməsini tələb edir. İki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən «TurAz Qartalı-2026» birgə taktiki-uçuş təlimlərindən danışan o, bu cür tədbirlərin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını və regional təhlükəsizliyin təmin olunmasına töhfə verdiyini vurğulayıb.

Öz növbəsində Metin Tokel strateji müttəfiqliyə əsaslanan hərbi əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş zamanı həmçinin vurğulanıb ki, müasir texnoloji innovasiyaların tətbiqi ilə keçirilən birgə və çoxmillətli təlimlər hərbi qulluqçuların peşəkarlığının artırılmasına və praktiki bacarıqlarının təkmilləşdirilməsinə kömək edir.

Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif istiqamətlərini müzakirə edib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.