Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin yollarda yarada biləcəyi təhlükələri nəzərə alaraq hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Sürücülərə yağıntılı hava şəraitində sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil və sərt manevrlərdən çəkinmək, ötmə zamanı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir. Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, su basmış və sel ehtimalı olan yol sahələrindən keçərkən riskli hərəkətlərə yol verilməməlidir.

Küləyin güclü olduğu ərazilərdə, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı, daşınan yükün etibarlı bərkidilməsinə və nəqliyyat vasitəsinin dayanıqlılığına xüsusi diqqət yetirməlidirlər.

Piyadalara isə yağıntı və külək səbəbindən görmə imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmək tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini düzgün qiymətləndirməyə, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırır.