Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O bildirib ki, bu göstəriciyə yerli və xarici özəl şirkətlərin vəsaitləri, sahibkarların yatırımları, yaşayış binalarının və komplekslərinin, biznes və ticarət mərkəzlərinin, mehmanxanaların, zavod və fabriklərin, istehsal müəssisələrinin, eləcə də nəqliyyat, kommunal və digər infrastruktur obyektlərinin tikintisinə və inkişafına yönəldilən investisiyalar daxildir:

"Ümumiyyətlə, investisiyaların bu şəkildə hesablanması beynəlxalq təcrübədə qəbul edilmiş normadır. Dünyanın müxtəlif ölkələrində investisiya göstəriciləri hesablanarkən büdcə vəsaitləri deyil, dövlət və özəl sektor tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilən sərmayələrin ümumi həcmi nəzərə alınır. Üstəlik, son illərdə Bakının necə sürətlə dəyişdiyini və inkişaf etdiyini hər kəs əyani şəkildə görə bilər. Paytaxtda yeni yaşayış massivləri və müasir binalar tikilir, yollar və nəqliyyat infrastrukturu yenilənir, yeni istehsal və xidmət sahələri yaradılır, şəhər infrastrukturu genişlənir və müasirləşir. Bakının bugünkü siması son illər ərzində həyata keçirilmiş irimiqyaslı layihələrin və davamlı investisiya prosesinin real nəticəsidir".

Millət vəkili vurğulayıb ki, bu rəqəmin səsləndirilməsində məqsəd Bakıda son iki onillik ərzində formalaşmış böyük investisiya miqyasını göstərmək və paytaxtın həm dövlət, həm də özəl sektor üçün cəlbedici və təhlükəsiz investisiya platforması olduğunu vurğulamaqdır.