"Bakı Fond Birjası" QSC (BFB) istiqrazların ikinci bazarında ticarət əməliyyatlarının avtomatlaşdırılması üzrə işləri davam etdirir və funksionallığın ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Day.Az xəbər verir ki, "Bakı Fond Birjası" QSC (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Trend -in müxbirinin sualına cavabında deyib ki, yeni funksionallıq investorların brokerlər vasitəsilə ikinci bazarda istiqrazları avtomatlaşdırılmış qaydada alıb-satmasına imkan verəcək.

"İndiyə qədər istiqrazların birinci və ikinci bazarında hər bir investor broker şirkətinə yaxınlaşaraq sifarişini yerləşdirir. Broker şirkəti də həmin sifariş əsasında tələb olunan həcmdə istiqrazı alır və ya satır. Söhbət eyni əməliyyatın sadəcə avtomatlaşdırılmasından gedir. Birja ticarət sistemindəki yeni funksionallıq hər bir investora broker vasitəsilə ikinci bazarda dövriyyədə olan istiqrazları avtomatik şəkildə alıb-satmaq imkanı verəcək", - deyə R. Xəlilov bildirib.

Onun sözlərinə görə, yeni sistem çərçivəsində istiqrazların "clean price" və "dirty price" qiymətlərinin hesablanması qaydaları da bazar iştirakçıları ilə razılaşdırılıb.

"Bu məsələləri Azərbaycan Kapital Bazarı Assosiasiyasının üzvləri və broker şirkətləri ilə müzakirə etmişik. Artıq danışıqlar tamamlanıb. Bazar iştirakçılarının gəldiyi ümumi qaydalar əsasında funksionallığın hazırlanması üçün vendor şirkətə sifariş vermişik. Funksionallığın hazırlanması, tam test olunması və təhvil verilməsi təxminən üç ay çəkəcək. İlin sonuna qədər bunu təhvil verməyi planlaşdırırıq", - deyə BFB sədri qeyd edib.

R. Xəlilov ikinci bazarda səhmlərin ticarət həcminin də qənaətbəxş səviyyədə olduğunu bildirib.

"İkinci bazarda ticarət gedir. "Market Watch" bölməsində həm "PAŞA Bank", həm də "Azərbaycan Beynəlxalq Bankı" üzrə ikinci bazarın həcmlərinə baxmaq mümkündür. Hazırda ikinci bazarın "free float"da olan səhmlərə nisbətən dövriyyə nisbəti heç də aşağı deyil. Kifayət qədər yaxşıdır. Market-meyker təşkilatlar da buna dəstək olurlar", - deyə o əlavə edib.

BFB sədri Azərbaycan kapital bazarına xarici şirkətlərin marağının artdığını da vurğulayıb.

"Son dövrlərdə yerləşdirmə həcmlərinə qarşı investor tələbi əvvəlki illərlə müqayisədə kifayət qədər artıb. Məsələn, digər bankların istiqraz emissiyalarını və "Ziraat Bank"ın əvvəlki illərdəki emissiyalarını müqayisə etsəniz, əvvəlki dövrlərdə belə həcmə cəmi 10-15, əsasən institusional investor maraq göstərirdi. Avtomatlaşdırma, rəqəmsallaşma və maliyyə savadlılığı istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verməyə başlayır. Kifayət qədər maraq yaranır", - deyə R. Xəlilov bildirib.

Onun sözlərinə görə, bu maraq emitentlər tərəfindən də özünü göstərməyə başlayıb.

"Xarici şirkətlər Azərbaycan bazarına maraq göstərir və bizimlə əlaqə saxlayırlar. Hələlik bu, məlumat mübadiləsi və hazırlıq səviyyəsindədir. Konkret olaraq müraciət edən şirkət isə hələ ki yoxdur", - deyə BFB sədri vurğulayıb.