- Турция впервые объявила морские территории национальными парками.
- Морские национальные парки созданы в Фетхие, Каше и Северном Эгейском море.
- Решение принято указом президента Турции, опубликованным в Resmi Gazete.
- Управление парками будет осуществлять Генеральное управление охраны природы и национальных парков.
- Создание парков имеет экологическое и политическое значение на фоне споров с Грецией.
Türkiyə mediasının məlumatına görə, bununla da ölkədə Milli Parklar haqqında Qanun çərçivəsində ilk dəfə dənizdə milli park əraziləri müəyyənləşdirilib.
Türkiyə Prezidentinin "Resmi Gazete"də dərc olunan qərarına əsasən, Fethiye və Kaş sahillərində yerləşən dəniz ərazisi, həmçinin Şimali Egeydə sərhədləri müəyyən edilmiş sahə "Dəniz Milli Parkı" statusu alıb.
Hazırda 50 milli parkın olduğu Türkiyədə ilk dəfə bu status dəniz ərazilərinə də şamil olunub.
Fethiye-Kaş Dəniz Milli Parkı Muğlanın Fethiye və Antalyanın Kaş rayonları arasındakı sahil zolağını əhatə edir. Şimali Egey Dənizi Milli Parkı isə Gelibolu yarımadasının və Gökçeada adasının sahillərindən Tekirdağ sahillərinə qədər uzanan ərazidə yerləşir.
Dəniz milli parklarının idarə edilməsi Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Təbiətin Mühafizəsi və Milli Parklar Baş İdarəsi tərəfindən həyata keçiriləcək.
Bundan əvvəl Türkiyədə daha kiçik ərazini əhatə edən Gökçeada Sualtı Milli Parkı və bir sıra xüsusi dəniz mühafizə zonaları yaradılmışdı.
Dəniz milli parklarının yaradılması ekoloji əhəmiyyət daşımaqla yanaşı, Egey dənizində Türkiyə ilə Yunanıstan arasındakı mübahisələr fonunda siyasi məna da kəsb edir.
Yunanıstan 2025-ci ilin iyulunda Egey və İon dənizlərində iki böyük dəniz parkı elan etmişdi. Türkiyə Xarici İşlər Nazirliyi həmin vaxt Afinanın ekoloji proqramlardan siyasi məqsədlər üçün istifadə etdiyini və beynəlxalq müqavilələrlə suverenliyi Yunanıstana verilməmiş coğrafi formasiyalar üzərində faktiki vəziyyət yaratmağa çalışdığını bildirmişdi. Ankara bu addımların hüquqi baxımdan etibarsız olduğunu bəyan etmişdi.
Yunanıstan tərəfinin son açıqlamalarında Cənubi Egey və İon dənizlərindəki dəniz parklarının yaradılması prosesinin 2026-cı ilin sonunadək tamamlanmasının planlaşdırıldığı bildirilib.
Türkiyə mediası yeni qərarı ekoloji məqsədlərlə yanaşı, Ankaranın "Mavi Vətən" konsepsiyası çərçivəsində dəniz hüquq və maraqlarını qorumaq niyyətinin nümayişi kimi də qiymətləndirir.
Ərazilər 2025-ci ildə xəritəyə daxil edilib
Ankara Universitetinin Dəniz Hüququ Milli Araşdırmalar Mərkəzinin (DEHUKAM) direktoru Mustafa Başkara bildirib ki, Türkiyənin Dəniz Məkan Planlaşdırması 16 aprel 2025-ci ildə elan edilib, həmin xəritələr isə 12 iyun 2025-ci ildə Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qeydiyyata alınıb.
Onun sözlərinə görə, 2 avqust 2025-ci ildə Şimali Egey və Aralıq dənizində iki ayrı dəniz mühafizə ərazisi həmin xəritəyə daxil edilib.
"Resmi Gazete"də dərc edilən sənədlə bu ərazilərin Prezident qərarı əsasında rəsmi statusunun rəsmiləşdirilməsi prosesi tamamlanıb. Başkara qeyd edib ki, bu ərazilər Türkiyənin beynəlxalq hüquq çərçivəsində ətraf mühitin qorunması və bioloji müxtəlifliyin davamlılığının təmin edilməsinə verdiyi əhəmiyyəti nümayiş etdirir.
Dəniz canlıları üçün mühüm ərazilər
Başkaranın sözlərinə görə, Aralıq dənizi istiqamətində yerləşən Fethiye-Kaş Dəniz Milli Parkının sahəsi 21 min 706 kvadratkilometrdir.
O bildirib ki, ərazi dəniz məməliləri üçün kritik əhəmiyyət daşıyan yaşayış mühitlərinə malikdir. Bölgədə, xüsusilə dəniz tısbağaları başda olmaqla, çoxsaylı növlərin yuvalama və qidalanma sahələri yerləşir.
Şimali Egey Dənizi Milli Parkının sahəsi isə 1 742 kvadratkilometrdir. Başkaranın sözlərinə görə, bu ərazi dəniz məməliləri baxımından yüksək ekoloji dəyərə malikdir və qorunması vacib bölgələr sırasındadır.
Ərazidə Aralıq dənizi suitilərinin sığınması, istirahəti və çoxalması üçün əlverişli təbii mağara sistemləri, sahil yaşayış mühitləri və geniş dəniz çəmənlikləri mövcuddur.
Şimali Egeydə yaradılan milli park Limni, Semadirek və Taşoz adalarının yerləşdiyi, Türkiyənin boğazların təhlükəsizliyi baxımından əhəmiyyət verdiyi bölgədədir.
Fethiye-Kaş Dəniz Milli Parkı isə Egey və Aralıq dənizlərinin kəsişdiyi, Meis (Kastellorizo) adası ətrafında Türkiyə ilə Yunanıstan arasında dəniz yurisdiksiyası ilə bağlı fikir ayrılıqlarının mövcud olduğu bölgəni əhatə edir.
Комментарии
Загрузка…
Оставить комментарий