Gəncə və Tovuzun maşın bazarlarında durğunluq müşahidə olunur.

Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satışa çıxarılan avtomobillərin sayı çox olsa da yüksək qiymətlər alıcılarla satıcıların razılığa gəlməsini çətinləşdirir.

Xüsusilə köhnə Rusiya istehsalı avtomobillərə tələbat yüksək olaraq qalır.

Tovuz bazarında həftəlik təxminən 200 avtomobil satışa çıxarılır və onların 90 faizini köhnə Rusiya istehsalı maşınlar təşkil edir. Ehtiyat hissələrinin və təmir xərclərinin nisbətən ucuz olması bu avtomobillərə tələbatı artırır. Artan tələbat isə qiymətlərin yüksəlməsinə səbəb olur.

Alıcıların sözlərinə görə, son 8 ayda avtomobillərin qiyməti təxminən 500-1000 manat artıb. Satıcılar isə bazarda əvvəlki aktivliyin olmadığını və alıcıların qiymətlərlə razılaşmadığını bildirirlər. Yaxın vaxtlarda qiymətlərin enməsi gözlənilmir.