Day.Az xəbər verir ki, layihə çərçivəsində "İçərişəhər" - "Həzi Aslanov" marşrutu üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək, "28 May" stansiyası isə adi rejimdə fəaliyyət göstərəcək. Bu istiqamətdə hərəkət edən qatarlar "28 May" stansiyasında dayanacaq.

Əsas dəyişikliklər "28 May" və "Nizami" stansiyaları arasındakı tunellərə aid olacaq. Belə ki, avqustun 15-dən "28 May" stansiyasından "Nizami" stansiyası istiqamətində qatarların hərəkəti dayandırılacaq. Xətlərin ayrılması layihəsi başa çatanadək hərəkət tamamilə yeni sxem üzrə təşkil olunacaq.

Layihənin icra olunduğu müddətdə qatarların hərəkəti "Dərnəgül" - "Nizami" marşrutu üzrə həyata keçiriləcək.

Bundan əlavə, iki xətt arasında sərnişin daşımalarının təmin edilməsi məqsədilə bu gündən yerüstü ictimai nəqliyyatın işi müvafiq qaydada təşkil edilib. Avqustun 14-dən altı yeni ekspres marşrut fəaliyyətə başlayıb.

Yeni ekspres marşrutlar aşağıdakı stansiyalar arasında hərəkət edir:

M1 - "Elmlər Akademiyası" və "28 May"; M2 - "İnşaatçılar", "Nizami" və "28 May"; M3 - "20 Yanvar", "Nizami" və "28 May"; M4 - "20 Yanvar" və "Koroğlu"; M5 - "20 Yanvar" və "Gənclik"; M6 - "Elmlər Akademiyası" və "Gənclik".

Eyni zamanda 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb: №2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202.

Bundan başqa, dünəndən etibarən əvvəllər "28 May" nəqliyyat-mübadilə mərkəzinə daxil olan №32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaqları dəyişdirilib. İndi onların fəaliyyəti Səməd Vurğun bağı ərazisində təşkil olunub. Belə ki, №32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, №120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyən edilib.