Day.Az xəbər verir ki, bunu Trend -ə politoloq Azər Qarayev deyib.

"Səfərin ən mühüm siyasi hadisələrindən biri Ceyhun Bayramovun Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilməsi oldu. Görüş zamanı strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edildi. Gələn il Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacaq olması da xüsusi vurğulandı. Bu, iki ölkənin münasibətlərinin təsadüfi deyil, onilliklər ərzində formalaşmış siyasi etimada söykəndiyini göstərən mühüm məqamdır", - o bildirib.

Onun sözlərinə görə, Kiyevdə keçirilən danışıqların əsas xəttini qarşılıqlı suverenlik və ərazi bütövlüyünə dəstək təşkil etdi.

"Azərbaycan bir daha bəyan etdi ki, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda Bakı bütün mübahisələrin beynəlxalq hüquq normaları çərçivəsində diplomatik yollarla həllinin tərəfdarı olduğunu vurğuladı.

Bu mövqe Ukrayna tərəfindən də eyni prinsipiallıqla qarşılandı. Xarici işlər naziri Andriy Sibiha bildirdi ki, Ukrayna hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Əslində, məhz bu qarşılıqlı yanaşma münasibətlərin əsas sütunlarından biridir. Hər iki ölkə müxtəlif dövrlərdə ərazi bütövlüyü ilə bağlı ciddi çağırışlarla üzləşib və beynəlxalq hüququn prinsiplərinə söykənən vahid mövqe nümayiş etdirib", - politoloq bildirib.

A.Qarayaev qeyd edib ki, səfər zamanı humanitar əməkdaşlıq xüsusi yer tutdu.

"Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya humanitar yardım göstərən ölkələrdən biri olub və bu siyasət bu gün də davam edir. İndiyədək Ukraynaya 50 milyon ABŞ dollarını ötən həcmdə humanitar yardım göstərilib. Bu yardımlar yalnız ərzaq və tibbi ləvazimatlarla məhdudlaşmayıb. Azərbaycanın dəstəyi ilə enerji obyektləri üçün avadanlıqlar göndərilib, dağıdılmış mülki infrastrukturun bərpasına töhfə verilib, ukraynalı uşaqlar üçün reabilitasiya proqramları həyata keçirilib.

Səfər çərçivəsində Bayramovun İrpin şəhərinə baş çəkməsi də bu baxımdan rəmzi məna daşıyırdı. Müharibənin ilk aylarında ən çox dağıntıya məruz qalan şəhərlərdən biri olan İrpin bu gün Azərbaycan-Ukrayna humanitar əməkdaşlığının simvollarından birinə çevrilib. Azərbaycanın maliyyə dəstəyi ilə burada akademik Zərifə Əliyeva adına lisey və şəhər poliklinikası əsaslı şəkildə bərpa olunub. Şəhərdə Zərifə Əliyevanın adını daşıyan park, küçə və lisey fəaliyyət göstərir, hətta liseydə Azərbaycan dili tədris olunur. Bayramovun həmin obyektlərlə tanış olması və gələcəkdə mədəniyyət mərkəzinin bərpası layihəsinə baxış keçirməsi Azərbaycanın bu əməkdaşlığa uzunmüddətli yanaşmasının göstəricisi idi", - o bildirib.

Politoloq vurğulayıb ki, Ukrayna rəhbərliyi də bu dəstəyi xüsusi qiymətləndirdi.

"Prezident Volodimir Zelenski Bayramovun səfərinə məhz İrpindən başlamasını Ukrayna xalqına həmrəylik nümunəsi kimi dəyərləndirdi və Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına göstərilən yardımlara görə təşəkkürünü bildirdi. Andriy Sibiha da Azərbaycanın enerji infrastrukturunun bərpasına, humanitar layihələrə və mülki əhalinin dəstəklənməsinə verdiyi töhfənin Ukraynada yüksək qiymətləndirildiyini vurğuladı.

Enerji məsələləri də danışıqların əsas istiqamətlərindən biri oldu. Son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu artıq təkcə region ölkələri tərəfindən deyil, Avropa paytaxtlarında da strateji amil kimi qəbul edilir. Kiyevdə də bu məsələyə xüsusi diqqət ayrıldı. Sibiha açıq şəkildə bildirdi ki, Azərbaycanın rolu yalnız Ukrayna üçün deyil, bütün Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Bayramov isə Azərbaycanın zərurət yaranacağı halda dost Ukraynaya qaz tədarük etməyə hazır olduğunu bəyan etdi. Bununla yanaşı, Ukraynanın geniş yeraltı qaz anbarlarından istifadə imkanlarının da nəzərdən keçirildiyi bildirildi. Bu açıqlamalar göstərir ki, enerji əməkdaşlığı artıq yalnız ticarət deyil, həm də regional təhlükəsizlik və strateji dayanıqlılıq məsələsinə çevrilib", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, iqtisadi əlaqələrin genişləndirilməsi də danışıqlarda mühüm yer tutdu.

"Müharibənin yaratdığı çətinliklərə baxmayaraq, ikitərəfli ticarət dövriyyəsində yenidən artım müşahidə olunur. Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinin intensivləşdirilməsi, investisiya layihələrinin genişləndirilməsi, nəqliyyat, logistika və biznes əlaqələrinin inkişafı üzrə konkret planlar müzakirə edildi. Azərbaycan şirkətlərinin Ukraynadakı fəaliyyəti yüksək qiymətləndirildi və onların gələcək bərpa prosesində daha fəal iştirakına maraq ifadə olundu.

Səfərin proqramı yalnız diplomatik danışıqlarla məhdudlaşmadı. Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə də görüşlər keçirdi. Bu görüşlərdə regional təhlükəsizlik, geosiyasi proseslər, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi. Bu isə göstərir ki, Bakı və Kiyev münasibətləri ayrı-ayrı sahələr üzrə deyil, kompleks strateji tərəfdaşlıq formatında inkişaf etdirirlər", - o bildirib.

A.Qarayev qeyd edib ki, Kiyev səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan və Ukrayna münasibətlərini yalnız müharibə və ya cari geosiyasi proseslər müəyyən etmir.

"Bu münasibətlər qarşılıqlı hörmətə, beynəlxalq hüquqa sadiqliyə, humanitar həmrəyliyə və uzunmüddətli strateji maraqlara əsaslanır. Məhz buna görə Ceyhun Bayramovun Ukraynaya səfəri iki ölkə arasında dialoqun davamı olmaqla yanaşı, gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi yadda qaldı", - politoloq əlavə edib.