Qeyd olunub ki, SOCAR-ın Türkmənistandakı nümayəndəliyi regionun aparıcı forumlarından biri olan OGT 2026-ya dəstək verməkdən qürur duyduğunu vurğulayıb. Forum Xəzər regionunda investisiyalar, enerji tranziti, infrastrukturun optimallaşdırılması və qabaqcıl texnologiyaların tətbiqi məsələləri üzrə yüksək səviyyəli dialoq üçün mühüm platforma rolunu oynayır.

Bildirilib ki, SOCAR-ın Aşqabaddakı nümayəndəliyinin fəaliyyəti Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlib.

"Fəal əməkdaşlıq sayəsində biz bütün region üçün fayda verən etibarlı, səmərəli və dayanıqlı tərəfdaşlığın inkişafına dəstək verməyə davam edirik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, "Türkmənistan Neft və Qazı - 2025" beynəlxalq konfrans və sərgisində SOCAR prezidenti Rövşən Nəcəf bildirmişdi ki, zəngin təbii ehtiyatlara malik Azərbaycan və Türkmənistan regional və qlobal enerji keçidinin təşviqində əsas rol oynamağa çağırılır.

"Yüksək səviyyəli səfərlər və Azərbaycanla Türkmənistan arasında birgə sazişlərin həyata keçirilməsi dinamik və hərtərəfli əməkdaşlığın yeni mərhələsini açıb. Ortaq dəyərlər, dövlət başçılarının baxışı və möhkəm münasibətlər bazası sayəsində iki ölkə arasında əməkdaşlıq davamlı şəkildə inkişaf edir", - deyə şirkət prezidenti bildirib.

O vurğulayıb ki, SOCAR uzun illərdir Türkmənistan şirkətləri, xüsusilə də "Türkmənqaz" və "Türkmənnebit" dövlət konsernləri ilə qarşılıqlı faydalı tərəfdaşlığı dəstəkləyir və genişləndirir.