"Görüş zamanı sığorta sektorunun cari ilin birinci yarımili üzrə fəaliyyət nəticələri və bazarda müşahidə olunan əsas inkişaf meyillərini, eləcə də qarşıdakı dövr üzrə perspektivləri müzakirə etdik.

Bundan əlavə, sığorta məhsullarının çeşidliliyinin artırılması, əhalinin və biznes subyektlərinin sığorta xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin daha da dərinləşdirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 867,396 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 549,682 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 117,5 milyon manat və ya 27,2 faiz artım deməkdir.

Sığorta bazarındakı müsbət dinamika Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində də diqqət mərkəzində olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova forumda çıxışı zamanı bildirib ki, son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə artıb.

Onun sözlərinə görə, bazarın inkişafı dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti nəticəsində mümkün olub.