Day.Az xəbər verir ki, kofein tərkibli məhsullar, ağır və yağlı yeməklər, eləcə də həzmi çətin qidalar sinir sistemini stimullaşdıraraq yuxuya getməyi çətinləşdirə və gecə boyu narahatlıq yarada bilər.

Həkimlər bildirirlər ki, qəhvə ilə yanaşı tünd çay və şokolad da kofein ehtiva etdiyindən axşam saatlarında onların qəbulunu məhdudlaşdırmaq məsləhətdir. Fastfud, qızardılmış yeməklər, yağlı ətlər və müxtəlif souslar isə uzun müddət həzm olunduğu üçün mədə-bağırsaq sistemini aktiv saxlayır. Bu da mədədə ağırlıq hissi, qıcqırma və narahatlıq yaradaraq yuxunun keyfiyyətini aşağı sala bilər. Bundan başqa, axşam yeməyində həddindən artıq zülal qəbul etmək də həzm sisteminə əlavə yük yarada bilər.

Mütəxəssislər şam yeməyinin yatmazdan təxminən 2-3 saat əvvəl yeyilməsini tövsiyə edirlər. Belə olduqda orqanizm qidanı həzm etməyə vaxt tapır və gecə istirahəti üçün daha rahat şərait yaranır. Əgər yuxusuzluq problemi davamlı xarakter alırsa, səbəbi müəyyənləşdirmək və uyğun müalicə planı hazırlamaq üçün həkimə müraciət etmək tövsiyə olunur.