Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı razılıq cari ilin 8-9 aprel tarixlərində Bakıda keçirilən Azərbaycan-Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub. Razılaşmaya əsasən, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu mayın 1-dən etibarən sistemin inteqrasiyası istiqamətində texniki işlərə başlayıb və proses uğurla başa çatdırılıb.

Məlumata görə, inteqrasiya tamamlandıqdan sonra tərəflər arasında elektron icazə (E-Permit) blanklarından istifadə edilməklə ilk pilot daşımalar uğurla həyata keçirilib. Pilot mərhələsinin müsbət nəticələri əsasında sistemin aktiv tətbiqinə başlanılması məqsədilə Azərbaycan və Gürcüstan arasında ilkin olaraq 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit və 1000 ədəd üçüncü ölkə elektron icazə blankı mübadilə olunub. Həmin elektron icazə blanklarının daşıyıcılara təqdim edilməsinə də start verilib.

Qeyd olunub ki, bununla Gürcüstan Azərbaycanın elektron icazə (E-Permit) sistemini tətbiq etdiyi beşinci ölkə olub. Bundan əvvəl sistem Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla uğurla tətbiq edilib.

AYNA-nın məlumatına əsasən, daşıyıcılar e-xidmet.ayna.gov.az portalı vasitəsilə elektron icazə blanklarını olduqları yeri tərk etmədən, günün 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər. Bu imkan xidmətlərin operativliyini artırmaqla yanaşı, icazələrin məsafədən və istənilən vaxt alınmasını təmin edir.

Agentlik vurğulayıb ki, elektron icazə sisteminin tətbiqi icazələrin əldə olunmasını sürətləndirir, inzibati prosedurları sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq yük daşımalarında rəqəmsallaşmanın genişləndirilməsinə xidmət edir.