Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə, milli maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və çoxqütblü xarici siyasət kursu son illərdə ölkəmizin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu siyasətin növbəti mühüm nəticəsi Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Kansleri Fridrix Merts ilə imzalanan "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" oldu. Bu sənəd Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir.

Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Avropa İttifaqının aparıcı siyasi və iqtisadi lokomotivi olan Almaniya Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə, Berlinlə strateji gündəliyin formalaşdırılması yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri üçün mühüm siyasi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, imzalanan Birgə Bəyannamədə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti ayrıca vurğulanır. Almaniyanın bu yanaşmanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının daha da genişləndirilməsinə verilən mühüm siyasi dəstəyin ifadəsidir. Həmçinin Bəyannamədə yenilənmiş Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə açıq dəstəyin ifadə olunması Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələsinə verilən töhfə kimi qiymətləndirilə bilər. Bu yanaşma tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji və rəqəmsal transformasiya kimi istiqamətlərdə əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

Almaniyanın Azərbaycanın Avropa ilə əməkdaşlığının genişləndirilməsinə verdiyi dəstək, eyni zamanda, ölkəmizin bu region üçün etibarlı tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir. Son illər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında, həmçinin regional sabitliyin və əməkdaşlığın təşviqində oynadığı rol Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, Almaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında mövqelərinin daha da möhkəmlənməsinə, Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.

Birgə Bəyannamənin ən mühüm xüsusiyyətlərindən biri əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsidir. Sənəddə yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, nazirlər arasında məsləhətləşmələrin keçirilməsi və Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Bu mexanizmlər münasibətlərin davamlı və sistemli inkişafını təmin edəcək.

Enerji sahəsi strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Lakin yeni sənəd bu əməkdaşlığı ənənəvi qaz ixracı ilə məhdudlaşdırmır. Yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, bərpaolunan enerji mənbələri və iqlim gündəliyi əməkdaşlığın yeni prioritetləri kimi müəyyən edilir. Bu yanaşma Azərbaycanın Almaniyanın enerji keçidi strategiyasında mühüm tərəfdaş kimi rolunu gücləndirir və ölkəmizin yaşıl iqtisadiyyata keçid istiqamətində reallaşdırdığı siyasətin beynəlxalq dəstək qazandığını nümayiş etdirir.

İqtisadi əməkdaşlıq da yeni məzmun qazanır. Sənəddə ticarət dövriyyəsinin artırılması ilə yanaşı, qarşılıqlı investisiyaların təşviqi, sənaye əməkdaşlığı, logistika, nəqliyyat bağlantıları və davamlı iqtisadi inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Almaniyanın yüksək texnologiyalar və innovasiya sahəsində təcrübəsi Azərbaycanın iqtisadi modernləşmə siyasəti ilə uzlaşır və yeni imkanlar yaradır.

Birgə Bəyannamədə ilk dəfə olaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq ayrıca strateji istiqamət kimi öz əksini tapır. Müdafiə sənayesi, hərbi təhsil müəssisələri arasında əməkdaşlıq, ekspert və tələbə mübadiləsi, mina təmizlənməsi, kibertəhlükəsizlik və transmilli təhdidlərə qarşı birgə fəaliyyət münasibətlərin daha geniş təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Almaniyanın Azərbaycan-Ermənistan normallaşma prosesinə və regionda davamlı sülhün təmin olunmasına dəstəyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Sənədin mühüm istiqamətlərindən biri də elm, təhsil və innovasiya sahələridir. Rəqəmsal transformasiya, süni intellekt, elmi tədqiqatlar, universitetlərarası əməkdaşlıq və peşə təhsili üzrə layihələrin genişləndirilməsi uzunmüddətli insan kapitalının inkişafına xidmət edir. Bu isə münasibətlərin yalnız cari maraqlara deyil, gələcək nəsillərin əməkdaşlığına hesablandığını göstərir.

Azərbaycan-Almaniya strateji tərəfdaşlığı əslində ölkəmizin son illərdə həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi davamıdır. Azərbaycan artıq ABŞ və Çin ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir, Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətt üzrə davam edir, eyni zamanda, Avropa İttifaqının on ölkəsi ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. İtaliya ilə strateji tərəfdaşlıqdan sonra Almaniya ilə də belə bir mühüm sənədin imzalanması Azərbaycanın Avropanın iki aparıcı sənaye və iqtisadi dövləti ilə münasibətlərini strateji səviyyəyə yüksəltdiyini nümayiş etdirir. Bu faktlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxqütblü və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni siyasi və iqtisadi tərəfdaşlıqların formalaşmasına, ölkəmizin qlobal enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik sahələrində etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir.

İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə yalnız Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil. Bu, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq siyasətinin yeni mərhələsini ifadə edir və ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji məkanında etibarlı, proqnozlaşdırılabilən, məsuliyyətli tərəfdaş statusunu daha da möhkəmləndirir. Eyni zamanda, bu strateji sənəd Prezident İlham Əliyevin qlobal müstəvidə həyata keçirdiyi uğurlu xarici siyasətin geniş miqyasını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirir.