Qəmər Ağalıyeva iddia edib ki, narkozdan ayıldıqdan sonra əməliyyat zamanı baş verənləri hiss edib. Onun sözlərinə görə, müdaxilə tibbi standartlara uyğun olmayan şəraitdə aparılıb və otağa kənar şəxslər sərbəst daxil olub:

"Hər bir ağrını, şişi bədənimə necə salmasını hiss edirdim. Əməliyyat olan yer klinika deyildi, bildiyiniz zirzəmi idi. Boş otaq idi, həkimə aid heç nə yox idi. Bircə çarpayı idi, orada da işlərini görürdülər. Gələn-gedən də rahatlıqla otağa girib-çıxırdı".

Hadisədən sonra əməliyyatı həyata keçirən Gülbadə Abdullayeva ilə əlaqə saxladığını deyən qadın, həkimin videonun çəkilməsində məsuliyyət daşımadığını bildirdiyini qeyd edib.

Gülbadə Abdullayeva isə telekanala açıqlamasında görüntülərin onun xəbəri olmadan çəkildiyini deyib. Onun sözlərinə görə, videonu klinikanın əməkdaşı Xəyalə İsmayılova çəkib, qapıdan baxan şəxs isə qeydiyyatçı olub. Həkim həmçinin təhsilinin olduğunu, lakin diplomunu Azərbaycanda hələ təsdiqlədə bilmədiyini və fəaliyyət göstərdikləri məkanın lisenziyası ilə bağlı aidiyyəti quruma sorğu göndərildiyini bildirib.

Məsələyə münasibət bildirən deputat Rəşad Mahmudov isə əməliyyat otağı standartlarına cavab verməyən yerlərdə cərrahi müdaxilələrin yolverilməz olduğunu vurğulayaraq, belə halların cinayət məsuliyyəti yaratdığını qeyd edib.