Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"

nın icrası çərçivəsində "Boston Consulting Group" (BCG) və Birmingem Universiteti ilə birgə dövlət idarəçiliyində süni intellektin tətbiqinə həsr olunmuş praktik seminar təşkil edib.

Day.Az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) keçirilən tədbirdə rəqəmsal transformasiya istiqamətinə cavabdeh olan dövlət qurumları və tabeli təşkilatların rəhbər müavinləri, o cümlədən nazir müavinləri, agentlik sədr müavinləri və digər dövlət qurumlarının rəhbər müavinləri iştirak ediblər.

Seminarın əsas məqsədi dövlət idarəçiliyində süni intellektdən istifadə üzrə strateji yanaşmaların formalaşdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də dövlət idarəçiliyinin səmərəliliyinin artırılması məqsədilə agent əsaslı süni intellekt həllərinin məsuliyyətli tətbiqi olub.

İştirakçılara süni intellekt texnologiyalarının əsasları, agent əsaslı süni intellekt sistemlərinin imkanları, onların dövlət sektorunda tətbiqi nümunələri, həmçinin süni intellektin dövlət xidmətlərinin keyfiyyətinin artırılmasındakı rolu barədə təqdimatlar keçirilib.

Praktik sessiyalar zamanı iştirakçılar agent əsaslı süni intellekt həllərindən istifadə bacarıqlarını inkişaf etdirib, dövlət idarəçiliyində süni intellektin tətbiqinin yaratdığı imkanlar və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, dövlət sektorunda süni intellektdən istifadəyə dair beynəlxalq təcrübə, dövlət qurumlarının süni intellektə hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəqəmsal transformasiya strategiyalarının hazırlanmasının əsas istiqamətləri müzakirə olunub.

Qeyd edək ki,

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planın"

əsas istiqamətlərindən biri dövlət idarəçiliyində rəqəmsal transformasiya və müasir texnologiyaların tətbiqi sahəsində rəhbər vəzifəli şəxslərin bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə seminar çərçivəsində süni intellektin normayaratma prosesində tətbiqi, eləcə də daha effektiv idarəetmə qərarlarının hazırlanmasında istifadəsinə dair yanaşmalar da təqdim olunub.