Day.Az xəbər verir ki, Milli Məclisin deputatı Kamran Bayramov Trend -ə açıqlamasında bildirib ki, müasir qlobal iqtisadiyyatda ölkələrin rəqabət üstünlüyü artıq təkcə təbii resurslar və ya əlverişli coğrafi mövqelə deyil, eyni zamanda onların rəqəmsal inkişaf səviyyəsi ilə müəyyən olunur.

Deputatın fikrincə, bu baxımdan Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya yalnız texnoloji yenilənmə deyil, dövlət idarəçiliyinin, biznes mühitinin və ictimai xidmətlərin müasirləşdirilməsinə yönəlmiş strateji inkişaf prosesidir.

"Dayanıqlı rəqəmsal ekosistemin formalaşdırılması və onun çevik idarəetmə mexanizmləri əsasında inkişaf etdirilməsi isə rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovativ iqtisadiyyatın qurulması üçün əsas istiqamətlərdən biri hesab olunur. Azərbaycanın rəqəmsal inkişaf gündəliyi qanunvericilik və strateji sənədlər əsasında formalaşdırılıb. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində innovativ və rəqəmsal mühitin yaradılması ölkənin uzunmüddətli inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib",-deyə K.Bayramov bildirib.

Deputat vurğulayıb ki, bu sənəd növbəti onillik üçün inkişaf hədəflərini müəyyənləşdirir. Beş əsas prioritetdən biri olan "Müasir innovasiyalar və rəqəmsal məkan" rəqəmsal ekosistemin genişləndirilməsi, innovativ təşəbbüslərin təşviqi və əhalinin rəqəmsal bacarıqlarının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir:

"Bu çərçivədə dövlət qurumlarında rəqəmsallaşmanın vahid yanaşma əsasında həyata keçirilməsi, "Rəqəmsal hökumət" sisteminin daha da təkmilləşdirilməsi və dövlət xidmətlərinin elektron formatda əlçatanlığının artırılması prioritet vəzifələr sırasındadır. Bununla yanaşı, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqi də rəqəmsal transformasiyanın mühüm tərkib hissəsinə çevrilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Zəngilanın Ağalı kəndində, Füzuli və Şuşa şəhərlərində həyata keçirilən layihələr rəqəmsal infrastrukturun müasir texnologiyalar, o cümlədən Böyük verilənlər (Big Data) və Əşyaların interneti (IoT) həlləri ilə inteqrasiyasına əsaslanır. Bu yanaşma həmin ərazilərin müasir idarəetmə və dayanıqlı inkişaf modeli əsasında yenidən qurulmasına xidmət edir", - deyə o əlavə edib.

Deputat həmçinin diqqətə çatdırıb ki, srateji hədəflərin həyata keçirilməsi bir neçə əsas istiqamət üzrə davam etdirilir:

"Bunlardan biri dövlət qurumlarının informasiya sistemlərinin vahid və təhlükəsiz platformada birləşdirilməsini nəzərdə tutan Hökumət Buludu (G-Cloud) layihəsidir. Bu yanaşma informasiya resurslarından daha səmərəli istifadəni təmin etməklə yanaşı, dövlət xidmətlərinin dayanıqlığını və fasiləsiz fəaliyyətini də gücləndirir. Digər mühüm istiqamət isə "Kağızsız Hökumət" (Paperless Government) modelidir. Dövlət qurumları arasında sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması idarəetmədə operativliyi artırır, bürokratik prosedurları minimuma endirir və qərarların qəbulunu sürətləndirir".

Deputatın fikrincə, Azərbaycanın rəqəmsal transformasiya siyasətində 2026-cı il institusional koordinasiyanın gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

K.Bayramov əlavə edib ki, rəqəmsal ekosistemin tənzimlənməsi artıq ənənəvi məhdudlaşdırıcı yanaşmalardan daha çevik və innovasiyanı təşviq edən modellərə keçir:

"Bu istiqamətdə Rəqəmsal İnkişaf Şurasının koordinasiyası ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də onun tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tənzimləmə mexanizmlərini müasir iqtisadi reallıqlara uyğunlaşdırır. Bu məqsədlə tətbiq olunan "Sandbox" (Tənzimləmə Test Rejimi) modeli innovativ startaplara və fintex layihələrinə yeni məhsul və xidmətlərini məhdud hüquqi çərçivədə real bazarda sınaqdan keçirmək imkanı yaradır. Eyni zamanda, İKT sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlər üçün nəzərdə tutulan vergi və gömrük güzəştləri Azərbaycanın regional rəqəmsal mərkəz kimi mövqeyini gücləndirməyə xidmət edir. Şuranın ilk iclasında da vurğulandığı kimi, müəyyən edilmiş hədəflərə nail olmaq üçün mövcud çağırışların vaxtında və səmərəli idarə olunması xüsusi əhəmiyyət daşıyır",-deyə o qeyd edib.

Deputat vurğulayıb ki, nəticə etibarilə, Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya prosesi təkcə dövlət xidmətlərinin elektronlaşdırılması ilə məhdudlaşmır:

"Bu proses dövlət idarəçiliyi, biznes mühiti və vətəndaş münasibətlərində yeni yanaşmaların formalaşdırılmasını, innovasiya və texnologiyaların inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsini hədəfləyir. Qarşıdakı üç ili əhatə edən Yol Xəritəsinin, süni intellekt strategiyasının və rəqəmsal inkişaf proqramlarının uğurlu icrası Azərbaycanın rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat qurmasına, innovasiya potensialını artırmasına və regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək",-K.bayramov əlavə edib.

Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə açıqlamasında bildirib ki, Azərbaycanda Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması rəqəmsal transformasiyanın artıq ayrı-ayrı layihələr deyil, dövlət siyasətinin strateji istiqaməti kimi həyata keçiriləcəyini göstərir:

"Bu, dövlət xidmətlərinin vahid yanaşma ilə inkişaf etdirilməsi, rəqəmsal ekosistemin gücləndirilməsi və vətəndaşyönümlü xidmətlərin daha da təkmilləşdirilməsi baxımından mühüm mərhələdir. 58 təşəbbüsdən ibarət fəaliyyət planı dövlət xidmətlərinin rəqəmsallaşdırılması, məlumat mübadiləsinin optimallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı üçün sistemli yol xəritəsi rolunu oynayacaq. Bu təşəbbüslərin uğuru isə təkcə texnologiyadan deyil, dövlət qurumlarının arasında koordinasiya, məlumatların keyfiyyəti və hüquqi bazanın müasir tələblərlə uyğunlaşdırılmasından asılı olacaq",-deyə o bildirilib.

Ə.Mövsümzadə qeyd edib ki, "MyGov" platformasının sürətlə genişlənməsi vətəndaşlar üçün xidmətlərə çıxışı sadələşdirir, bürokratik prosedurları azaldır və dövlət-vətəndaş münasibətlərində şəffaflığı yaradır. Bununla yanaşı, platformada təqdim olunan xidmətlərin və istifadəçi sayının artması informasiya təhlükəsizliyi və şəxsi məlumatların qorunması məsələlərini də aktuallaşdırır.

Onun fikrincə, dövlət idarəçiliyində süni intellektin tətbiqi qərar qəbul etmə prosesinin sürətləndirilməsi, böyük həcmli məlumatların təhlili, risklərin əvvəlcədən müəyyən edilməsi və xidmət keyfiyyətinin artırılması baxımından mühüm üstünlüklər yaradır:

"Lakin süni intellekt həllərinin etibarlı, şəffaf və məsuliyyətli şəkildə tətbiqi üçün məlumatların təhlükəsizliyi, alqoritmlərin audit olunması və insan nəzarətinin qorunması əsas prinsiplərdən biri olmalıdır. Rəqəmsallaşmanın sürətlənməsi ilə paralel olaraq kiber təhlükəsizlik artıq yalnız İT bölməsi deyil, milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilir",-deyə kibertəhlükəsizlik üzrə ekspert əlavə edib.

Ə. Mövsümzadənin fikrincə, rəqəmsal dövlət infrastrukturu genişləndikcə dövlət informasiya sistemlərinə, kritik informasiya infrastrukturuna və elektron xidmətlərə qarşı kiberhücum riskləri də artır:

"Buna görə də "Security by Design" prinsipi əsasında təhlükəsizlik sistemlərinin layihələndirilməsi mərhələsində inteqrasiya edilməsi, "Zero Trust" təhlükəsizlik modelinin tətbiqi, süni intellekt əsaslı təhlükə aşkarlama sistemlərinin inkişafı, müntəzəm təhlükəsizlik auditləri, penetrasiya testləri və kadr hazırlığının gücləndirilməsi prioritet istiqamətlər olmalıdır".

O, vurulayıb ki, ümumilikdə, rəqəmsal inkişafın uğuru yalnız yeni texnologiyaların tətbiqi ilə deyil, həmin texnologiyaların təhlükəsiz, dayanıqlı və vətəndaşların etimadını təmin edən şəkildə idarə olunması ilə ölçüləcək:

"Rəqəmsallaşma və kiber təhlükəsizlik bir-birini tamamlayan iki strateji istiqamət kimi paralel inkişaf etdirilməlidir",-deyə kibertəhlükəsizlik üzrə ekspert əlavə edib.