"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" videolayihəsinin yeni buraxılışı yayımlanıb.

Verilişin bu dəfəki qonağı Azərbaycanın Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zümrüd Dadaşzadə olub.

Söhbət zamanı o, incəsənətdə eksperimentə münasibəti, Bakının müasir musiqinin mərkəzi kimi rolu, Qarabağ münaqişəsi illərində yaşadıqları, eləcə də mədəniyyət xadimlərinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına töhfəsi barədə fikirlərini bölüşüb.

Müasir incəsənətdən danışan Zümrüd Dadaşzadə vurğulayıb ki, yeniliyə can atmaq onun peşə fəaliyyətində hər zaman əsas istiqamət olub.

"Mən müasir, avanqard musiqi ilə məşğulam - yəni məhz burada və indi yaranan musiqi ilə. Stravinskinin məşhur bir fikri var ki, bu günün musiqisi tarixin ən maraqlı, ən həyəcanlı və ən cəlbedici məqamıdır. Yeni üfüqlərə can atan bəstəkarlar və musiqiçilər məni həmişə çox cəlb edib", - deyə o bildirib.

Bu arada, professor qeyd edib ki, ənənə hər zaman təməl olaraq qalır, lakin onun yenilənməsinə ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan və Bakı hətta avanqardın qəbul edilmədiyi dövrlərdə belə "müasir musiqinin gəmilərinin yan ala bildiyi sakit liman" olub.

"Qara Qarayevin və onun silahdaşlarının sayəsində biz musiqi və incəsənət aləmində baş verən yeniliklərin daim şahidi olmuşuq. Bu gün isə onun səpdiyi toxumların necə cücərdiyini görürük", - deyə proqramın qonağı bildirib.

Söhbətin ayrıca bir hissəsi 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərinə, Azərbaycanın ərazi iddiaları və genişmiqyaslı təbliğat kampaniyası ilə üzləşdiyi dövrə həsr olunub.

"Elə bir eyforiya yaşanırdı ki, hamımız ruh yüksəkliyi içində idik və inanırdıq ki, bizi yalnız gözəl gələcək gözləyir. Lakin qəfil hər şey əleyhimizə çevrildi: ərazi iddiaları, Azərbaycan kimliyinə və mədəniyyətinə qarşı güclü təbliğat hücumu, guya bizim "köçəri xalq" olduğumuz barədə iddialar irəli sürüldü", - deyə Zümrüd Dadaşzadə xatırlayıb.

Onun sözlərinə görə, Azərbaycan ziyalıları həqiqəti dünyaya çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edirdilər.

"Yadımdadır ki, Bəstəkarlar İttifaqlarına, deputatlara zəng edir, vəziyyəti izah etməyə çalışırdım. Atam yazıçı Vasili Bıkova zəng etmişdi, başqaları Ales Adamoviçlə əlaqə saxlayırdı. Mən Litvaya zəng edib Bəstəkarlar İttifaqının katibi ilə danışdım. O, məni diqqətlə dinlədi. Bir il sonra isə onların özləri də oxşar vəziyyətlə üzləşdilər və artıq nədən danışdığımı anlayırdılar. Sonra Xocalı faciəsi baş verdi... Biz çox faciələr yaşamışıq", - deyə Zümrüd Dadaşzadə bildirib.

Musiqi irsinin mənsubiyyəti ətrafında aparılan mübahisələrə toxunan professor 1915-ci ilə aid, Tiflisdə erməni dilində nəşr olunan "Mşak" qəzetində aşkar etdiyi materialdan danışıb.

"Həmin nəşrdə müəlliflər "Arşın mal alan" əsərini böyük heyranlıqla dəyərləndirir və yazırlar ki, Şərq musiqisi onlara çox yaxındır. Çünki onlar əsrlər boyu türklər və farslarla birgə yaşayıblar, bu melanxolik melodika isə insan ruhunu zənginləşdirir. Bunu özləri etiraf edirdilər", - deyə o vurğulayıb.

Zümrüd Dadaşzadə 2003-cü ildə Vilnüsdə keçirilən "dəyirmi masa" zamanı yaşanan bir epizodu da xatırladıb. Həmin tədbirdə o, guya bütün Azərbaycan bəstəkarlarının "Aram Xaçaturyandan dərs aldığı" barədə iddiaları təkzib etmişdi.

"Mən xatırlatdım ki, Qara Qarayev Dmitri Şostakoviçin tələbəsi olub, Arif Məlikov isə Qara Qarayevin yetirməsidir. Yanımda Aram Xaçaturyanın öz sözlərinin yer aldığı kitab da var idi. O yazırdı: "Yaradıcılıq yolumun lap başlanğıcında Üzeyir Hacıbəyov mənə kömək etdi, yol göstərdi və dəstək oldu"", - deyə professor bildirib.

Azərbaycan xalqının humanist mahiyyətindən danışan Zümrüd Dadaşzadə Mirzə Cəlil Məmmədquluzadənin "Kamança" pyesini xatırladıb. O qeyd edib ki, əsərin qəhrəmanı 1918-1920-ci illərin toqquşmaları fonunda musiqiyə olan ehtiram naminə erməni kamança ifaçısını bağışlayır.

Hazırkı mərhələdən danışan proqramın qonağı vurğulayıb ki, Azərbaycanın sülh quruculuğu istiqamətində göstərdiyi səylər misilsizdir və artıq beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Cənubi Qafqaz tarixi bir fürsət əldə edib.

Professor hesab edir ki, indi əsas mübarizə insanların düşüncə tərzinin dəyişdirilməsi uğrunda aparılmalıdır və bu prosesdə incəsənət və ədəbiyyat nümayəndələri öz sözlərini deməlidirlər.

"Biz qonşuyuq və sülhə alternativ yoxdur. Heç birimiz başqa planetə köçəsi deyilik, coğrafiya bizim taleyimizdir. Gənclərlə düşünülmüş, həssas və diplomatik şəkildə işləmək lazımdır. Bunun əsasında tarixə dair bilik dayanmalı, baxış isə gələcəyə yönəlməlidir", - deyə Zümrüd Dadaşzadə fikrini yekunlaşdırıb.

Oxuculara verilişin tam videoyazısını təqdim edirik.