Day.Az Trend -ə istinadən xəbər verir ki, iclasın yekununda bildirilib ki, 12 il ərzində IPU-nun Baş katibi vəzifəsində çalışmış Martin Çunqonq səlahiyyətlərini başa vurub. Təşkilatın yeni Baş katibi Anda Filip isə vəzifəsinin icrasına başlayıb.

Rumıniyanı təmsil edən Anda Filip IPU-da 20 ildən artıq fəaliyyət göstərib. O, 2011-ci ildən üzv parlamentlərlə iş və xarici əlaqələr üzrə direktor vəzifəsini tutub, 2003-2011-ci illərdə isə IPU-nun BMT yanında Nyu-Yorkdakı daimi müşahidəçisi olub. Anda Filip təşkilatın 137 illik tarixində bu vəzifəyə seçilən ilk qadın və Şərqi Avropanı təmsil edən ilk şəxs olub.

Bundan əlavə, iclasın gündəliyində təşkilatın hesabat sənədləri də müzakirə olunub. Sevil Mikayılova IPU-nun Gender Əməkdaşlığı Komitəsinin sədri qismində BMT-nin xüsusi nümayəndəsinin iştirakı ilə keçirilən insan hüquqları üzrə ayrıca iclasda çıxış edib.

O, xüsusilə qeyd edib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insan hüquqlarının müdafiəsi sahəsində yaranan yeni çağırışlar ciddi narahatlıq doğurur. Bununla əlaqədar olaraq, o, müvafiq beynəlxalq konvensiyaların yenilənməsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, yeni məzmun və mahiyyət qazanan insan hüquqları mövzusu, xüsusilə uşaq və qadın hüquqları kontekstində getdikcə daha böyük aktuallıq kəsb edir.