Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun (WGPPA) İllik Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci ildə 6,6 milyard manat olan dövlət satınalmalarının həcminin artması iqtisadi fəallığın genişlənməsinə, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradıb.

E.Bağırovun sözlərinə görə, 2025-ci ildə 2 mindən çox satınalan təşkilat tərəfindən keçirilmiş 19 min satınalmada 9 minə yaxın təchizatçı iştirak edib. Bu göstərici dövlət satınalmalarının geniş iştirakçılıq əsasında həyata keçirildiyini, biznes subyektləri üçün bazara çıxış imkanlarının artdığını və rəqabət mühitinin inkişaf etdiyini göstərir.

Agentlik sədri qeyd edib ki, rəqabətin güclənməsi elektron satınalmalarda da özünü göstərir. Belə ki, ötən il elektron satınalmalarda açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,6 olub.

O vurğulayıb ki, dövlət satınalmalarının elektronlaşdırılması bu nəticələrin əldə olunmasında mühüm rol oynayıb. 2025-ci ildə 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb.

E.Bağırov əlavə edib ki, ötən il elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi 17,9 faiz təşkil edib. Onun sözlərinə görə, bu göstərici rəqabətli satınalma mühitinin və elektron satınalma mexanizmlərinin effektivliyini bir daha təsdiqləyir.

Agentlik sədri bildirib ki, hazırda dövlət satınalmalarında süni intellekt texnologiyalarının tətbiqi yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, süni intellekt alqoritmləri satınalma sənədlərini avtomatik təhlil edərək potensial risklərin və rəqabəti məhdudlaşdıra biləcək şərtlərin erkən mərhələdə müəyyən edilməsinə imkan yaradır.