Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) İdarəedicilər Şurasının 28-ci İllik Toplantısında deyib.

"Azərbaycan bu təsisata sadiq qalır və regionla əməkdaşlığın daha da genişlənəcəyinə ümid edir. Bu əməkdaşlıq infrastruktur, bərpa olunan enerji, nəqliyyat əlaqələrinin inkişafı və maliyyə sektorunun inkişafı da daxil olmaqla geniş sahələri əhatə edir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, bankın enerji təhlükəsizliyinə xüsusi diqqət yetirməsi Azərbaycanın strateji prioritetlərinə tam uyğundur.

"Qara dəniz regionu üçün enerji təhlükəsizliyi getdikcə daha mühüm məsələyə çevrilir. Etibarlı enerji təchizatçısı və strateji tranzit qovşağı kimi Azərbaycan bütün regionumuzda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin əhəmiyyətini tam dərk edir. Hökumətimiz "yaşıl keçid" gündəliyinə və iqlim öhdəliklərimizə uyğun olaraq bərpa olunan enerji sahəsinə genişmiqyaslı investisiyalar yatırıb", - deyə Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas qovşaqlarından biri kimi Azərbaycan regional əlaqələrin inkişafına, ticarətin asanlaşdırılmasına və iqtisadi inteqrasiyaya töhfə vermək üçün unikal mövqeyə malikdir.