Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, imtahanlarda ümumilikdə 2 351 namizəd iştirak edəcək. Doktoranturaya qəbul imtahanı üçün 1 926 nəfər qeydiyyatdan keçib. Onlardan 1 890 nəfər ingilis, 16 nəfər fransız, 20 nəfər isə alman dili üzrə imtahan verəcək.

Fəlsəfə doktoru imtahanında isə 389 nəfərin iştirakı nəzərdə tutulub. Namizədlərdən 386-sı ingilis, 2-si fransız, 1-i isə alman dili üzrə biliklərini sınayacaq.

İmtahanlarda 3 fiziki məhdudiyyətli şəxs də iştirak edəcək. Onların rahat şəkildə imtahan vermələri üçün xüsusi şərait yaradılıb.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahanlar saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə saat 09:45-də başa çatacaq və bu vaxtdan sonra gələn şəxslər imtahan binasına buraxılmayacaqlar.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər.

İmtahan iki mərhələdən ibarət olacaq. İştirakçılar əvvəlcə 30 test tapşırığını 1 saat 30 dəqiqə ərzində cavablandıracaqlar. Daha sonra 15 dəqiqəlik fasilədən sonra yazı bloku üzrə tapşırıqları yerinə yetirmək üçün onlara əlavə 1 saat 30 dəqiqə vaxt veriləcək.

İmtahanların təşkili üçün 10 imtahan binası, 23 imtahan rəhbəri, 10 ümumi rəhbər, 182 nəzarətçi və 25 mühafizə əməkdaşı cəlb olunub.

İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə və yazı bölmələrindən ibarət olacaq. Maksimum nəticə 50 baldır. Test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir və səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işləri isə ayrıca 10 ballıq şkala üzrə qiymətləndiriləcək.