İsti hava şəraitində avtomobillərdə baş verən yanğın riskləri artmaqdadır.

Day.Az Xəzərxəbərə istinadən xəbər verir ki, yüksək temperatur avtomobil salonunda kritik istilik yarada bilər. Bu da batareya ilə işləyən cihazlar üçün ciddi təhlükə hesab olunur.

Ekspertlər xəbərdarlıq edirlər ki, mobil telefon, powerbank və digər elektron avadanlıqların qapalı avtomobildə saxlanılması alışma riskini artırır. Bununla yanaşı, nəqliyyat vasitələrində yanacaq sızması, elektrik naqillərində qısaqapanma, izolyasiya problemləri və akkumulyator nasazlıqları da yanğınların baş verməsinə səbəb olan əsas amillər sırasındadır.

Mütəxəssislərin fikrincə, bu cür hadisələrin qarşısını almaq üçün avtomobillər mümkün qədər kölgədə park edilməli, günəşdən qoruyucu vasitələrdən istifadə olunmalı və nəqliyyat vasitələrinin texniki vəziyyəti mütəmadi yoxlanılmalıdır.