DÇ-2026-nın qrup mərhələsində H qrupunun ikinci turuna yekun vurulub.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Uruqvay və Kabo-Verde yığmaları Mayamidə, "Hard Rok" stadionunda üz-üzə gəliblər. Norveçli baş hakim Espen Eskosun idarə etdiyi qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Hesabı 21-ci dəqiqədə "Krasnodar"ın yarımmüdafiəçisi Kevin Lenini açıb. Kabo-Verde millisinin futbolçusu komandasını önə keçirib. Uruqvay 44-cü dəqiqədə Maksimiliano Arauxonun qolu ilə tarazlığı bərpa edib. İlk hissəyə əlavə olunmuş altıncı dəqiqədə Aqustin Kanobbio Cənubi Amerika təmsilçisini hesabda irəli çıxarıb.

Kabo-Verde ikinci hissədə məğlubiyyətdən xilas olmağı bacarıb. 61-ci dəqiqədə Helio Varela fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib - 2:2.

Uruqvay ilk turda Səudiyyə Ərəbistanı ilə 1:1 hesablı heç-heçə edib. Kabo-Verde isə turnirin ilk oyununda İspaniyadan xal alaraq 0:0-lıq nəticəyə imza atıb.

H qrupunda son turun oyunları 27 iyunda keçiriləcək. Uruqvay İspaniya ilə, Kabo-Verde isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.