"Pensiyaların artırılıb-artırılmaması məsələsi ilə bağlı proqnoz vermək olduqca çətindir. Çünki hökumətin müvafiq istiqamətdə siyasətini həyata keçirən qurumlarının verdiyi mesajlardan hələlik konkret nəticə çıxarmaq mümkün deyil. Pensiyaların artırılması qanunvericilik çərçivəsində mümkündür. Belə ki, dövlət həm minimum pensiya həddini, həm də indeksasiya prosesindən kənar olaraq minimum pensiya həddinin artırılması ilə bağlı qərar qəbul edə bilir".

Day.Az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov pensiyaların payızda artırılacağı barədə müzakirələrə münasibət bildirərkən deyib.

O xatırladıb ki, 2019-cu ildə iki dəfə - ilin əvvəlində və üçüncü rübdə minimum pensiya həddinin artırılması ilə bağlı qərar qəbul edilib:

"Eyni zamanda ümumi pensiyalara əlavələrin edilməsi ilə bağlı da təcrübələr mövcuddur. Təcrübələr onu deməyə əsas verir ki, hökumət pensiyanı artırmaq istəsə, iki istiqamətdə qərar qəbul edə bilər. Bu, minimum pensiya həddinin artırılması və pensiya məbləğinə əlavələrin edilməsi ilə bağlı qərarların verilməsidir. Bu yollarla pensiyanın artırılması mümkündür".

İqtisadçı qeyd edib ki, mövcud şərtlər daxilində müvafiq istiqamətdə qərarın qəbul edilib-edilməməsi ilə bağlı fikir bildirmək olduqca çətindir.