AZƏRTAC xəbər verir ki, sazişdə hər iki ölkənin Şimali Atlantika Alyansı və Avropa İttifaqı daxilində strateji tərəfdaşlığı vurğulanır, qarşılıqlı müdafiə öhdəliyinə sadiqlik bir daha təsdiqlənir. Sənəd NATO və Aİ çərçivəsində müdafiə siyasətlərinin inteqrasiyasını gücləndirməyi hədəfləyir.

Razılaşmaya əsasən, Almaniya və Polşa müdafiə qabiliyyətlərinin inkişafı, hərbi sənaye sahəsində əməkdaşlıq və birgə təlimlərin keçirilməsi istiqamətində fəaliyyəti genişləndirəcək. Xüsusi diqqətin Baltik dənizi regionuna yönəldiləcəyi bildirilir.

Sənəd, həmçinin böhranların idarəolunması və hibrid təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsini, Müdafiə nazirlikləri arasında bütün əsas məsələlər üzrə strukturlaşdırılmış dialoq mexanizmlərinin yaradılmasını nəzərdə tutur.

Bu sənədin imzalanması Almaniya ilə Polşa arasında qonşuluq müqaviləsinin 35-ci ildönümünə təsadüf edir. Eyni vaxtda Berlində və Varşavada keçirilən tədbirlər çərçivəsində iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi məsələləri də müzakirə olunur. İki ölkənin xarici işlər nazirləri Yohan Vadeful və Radoslav Sikorski Almaniya-Polşa Forumunda iştirak ediblər.