Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, ölkədə müasir aqrologistika mərkəzləri yaradılır, soyuq tədarük zənciri infrastrukturu gücləndirilir və məhsul yığımından sonra itkilərin azaldılması üçün tədbirlər görülür.

M.Məmmədov qeyd edib ki, sahənin səmərəli fəaliyyəti Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə təmin olunur. Bu sistem dövlət dəstəyi və subsidiya mexanizmlərində şəffaflığın təmin edilməsinə imkan yaradıb.

O bildirib ki, hazırda sistemin infrastrukturu süni intellekt texnologiyalarının və məlumatların təhlilinə əsaslanan alətlərin inteqrasiyası hesabına genişləndirilir.

"Biznes üçün bu, məhsulların başdan sonadək zəmanətli izləniləbilərliyi, keyfiyyətə daha yüksək nəzarət səviyyəsi və halal məhsullar üzrə sərt beynəlxalq standartlara uyğunluq deməkdir", - deyə nazir bildirib.

Məcnun Məmmədov sahənin gələcək inkişafı ilə bağlı bir sıra təkliflər də səsləndirib.

Onun sözlərinə görə, prioritetlərdən biri vahid halal sertifikasiya və rəqəmsal izləniləbilərlik platformasının yaradılması olmalıdır.

"İnvestorlara vahid, nüfuzlu və beynəlxalq səviyyədə tanınan standart lazımdır. Biz bu istiqamətdə aparıcı rol oynamağa hazırıq və tərəfdaşları bu işə qoşulmağa dəvət edirik", - deyə o bildirib.

Nazir həmçinin istehsal, emal, sertifikasiya və soyuq logistikanı bərpa olunan enerji mənbələri əsasında birləşdirən inteqrasiya olunmuş "yaşıl" halal aqrohubların inkişaf etdirilməsini təklif edib.

O, halal məhsulların ixracının genişləndirilməsi üçün Orta Dəhlizin potensialından istifadə edilməsinin vacibliyini də vurğulayıb.

"İstehsalçılarımızı Fars körfəzi ölkələri və Avropa bazarları ilə birləşdirən logistika marşrutlarına prioritet diqqət yetirmək lazımdır", - deyə o bildirib.

M.Məmmədov qeyd edib ki, Azərbaycan əməkdaşlığa açıqdır və halal məhsul istehsalı üzrə regional mərkəz kimi potensialını inkişaf etdirmək niyyətindədir.

"Gəlin birlikdə Azərbaycanı etik, keyfiyyətli və rəqabətqabiliyyətli halal məhsul istehsalı üzrə aparıcı regional haba çevirək", - deyə o əlavə edib.