Day.Az xəbər verir ki, bu barədə Trend -ə V Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF 2026) çərçivəsində İslam İnkişaf Bankı (Islamic Development Bank) qrupunun Özbəkistandakı nümayəndəsi Xusan Xasanov bildirib.

Onun sözlərinə görə, Orta Asiya regionunda islam bankçılığının inkişaf potensialı çox böyükdür və regionun əksər ölkələrində artıq hüquqi baza formalaşdırılıb.

Xasanov qeyd edib ki, Türkmənistan istisna olmaqla, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistanda bu sahəni tənzimləyən qanunvericilik mövcuddur. O, həmçinin Azərbaycanın da bu istiqamətdə iş apardığını eşitdiyini bildirib.

Onun sözlərinə görə, Rusiyada da islam bankçılığı bəzi regionlarda - Tatarıstan, Başqırdıstan və İnquşetiyada pilot layihələr şəklində tətbiq olunur və bu təcrübənin ölkə üzrə genişləndirilməsi planlaşdırılır.

Xasanov vurğulayıb ki, Özbəkistanda hələ tam hüquqlu islam bankı olmasa da, Islamic Corporation for the Development of the Private Sector və International Islamic Trade Finance Corporation vasitəsilə maliyyə xətləri fəaliyyət göstərir.

O qeyd edib ki, maliyyələşmə əsasən murabaha və icarə kimi islam maliyyə alətləri üzərindən həyata keçirilir və bu mexanizmlər səhiyyə, sənaye və kiçik və orta biznes layihələrində tətbiq olunur.

Xasanovun sözlərinə görə, bəzi layihələr üzrə maliyyələşmə həcmi 100 milyon dollardan da çox ola bilər.

O, həmçinin bildirib ki, Özbəkistanda sukuk buraxılışı üçün hələlik hüquqi baza olmadığı üçün bu istiqamət mümkün deyil, lakin müvafiq qanun layihəsi hazırda nazirliklər səviyyəsində müzakirə olunur və daha sonra parlamentə təqdim ediləcək.