Day.Az Trend -ə istinadən xəbər verir ki, dəyişikliklər avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsalın ( AVİƏ ) avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla ( AVSƏ ), Bonus-Malus sinfinə görə əmsalın ( BMƏ ) isə sığorta tarixçəsi əmsalı ( STƏ ) ilə əvəz edilməsini nəzərdə tutur.

Bununla da icbari sığorta haqlarının hesablanması zamanı Bonus-Malus sinfinə görə əmsal yox, məhz sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan 1 illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.

Bu qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0.60 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.

Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığorta tarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hər bir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşacaq.

Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halı istisna olmaqla fiziki şəxslər tərəfindən sığorta müqaviləsi bağlanıldığı tarixdən əvvəlki son 1 ay ərzində müvafiq nəqliyyat vasitəsinin sahibi olmuş, habelə həmin dövr ərzində bu hüququna xitam verilmiş bütün şəxslər yuxarıdakı abzasda nəzərdə tutulmuş sığorta tarixçəsi əmsalının tətbiqi zamanı nəzərə alınacaq.

Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı 1-ə bərabər olacaq və həmin əmsala güzəşt və ya əlavə tətbiq edilməyəcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla sığortalı hüquqi şəxs olduqda və sığorta hadisəsi baş verdikdə sığorta tarixçəsi əmsalına tətbiq edilən əlavələr nəqliyyat vasitəsini idarə edən və sığorta hadisəsini törədən fiziki şəxsin sığorta tarixçəsi əmsalına tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilk dəfə bağlanarkən habelə müqavilə bağlamaq istəyən fiziki şəxsin təqsiri üzündən müvafiq qiymətləndirmə qrupu üzrə baş vermiş və İcbari Sığorta Bürosunun informasiya sistemində qeydiyyata alınmış sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi mövcud olmadıqda şəxsin sığorta tarixçəsi əmsalı olaraq 1 əmsal müəyyən ediləcək. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin ilk dəfə bağlanması dedikdə İcbari Sığorta Bürosunun informasiya sistemində həmin şəxs tərəfindən müvafiq qiymətləndirmə qrupu üzrə bağlanmış icbari sığorta müqaviləsinin mövcud olmaması nəzərdə tutulur.

Müvafiq qiymətləndirmə qrupu üzrə şəxsin sığorta tarixçəsi əmsalına qüvvədə olan icbari sığorta müqavilələrinin sayından asılı olmayaraq aşağıdakı şərtlərin hər biri mövcud olduqda hər dəfə 5 faiz güzəşt tətbiq ediləcək:

sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən fiziki şəxs olduqda özünün, avtonəqliyyat vasitəsini taksi minik avtomobili kimi istifadə edən hüquqi şəxs olduqda isə avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi olmadıqda;

sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklikdən etibarən sığortalı olduğu günlərin sayı 275-dən çox olduqda.

Aşağıdakı abzasda nəzərdə tutulmuş hal istisna olmaqla sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən fiziki şəxsin təqsiri üzündən baş vermiş və sığorta ödəniş(lər)i həyata keçirilmiş hər bir sığorta hadisəsi ilə bağlı müvafiq qiymətləndirmə qrupu üzrə həmin şəxsin sığortalı olub-olmamasından asılı olmayaraq sığorta tarixçəsi əmsalına 30 faiz əlavə tətbiq ediləcək. İcbari Sığorta Bürosunun informasiya sistemində müvafiq qiymətləndirmə qrupu üzrə şəxs tərəfindən bağlanmış icbari sığorta müqaviləsi mövcud olmadıqda şəxsin sığorta tarixçəsi əmsalı 1 əmsal olaraq müəyyən edilməklə 30 faiz əlavə həmin əmsala tətbiq ediləcək.

Sığortalı hüquqi şəxs olduqda və avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildikdə sığorta ödənişi həyata keçirilmiş hər bir sığorta hadisəsi üzrə hüquqi şəxsin sığorta tarixçəsi əmsalına 30 faiz əlavə tətbiq ediləcək.

Qeyd edək ki, sığorta tarixçəsi dedikdə sığortalının bağladığı sığorta müqavilələri və nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş vermiş sığorta hadisələri barədə məlumatları ehtiva edən tarixçə, sığorta tarixçəsi əmsalı dedikdə qiymətləndirmə subyektinin sığorta tarixçəsinə əsasən müəyyən edilən və sığorta haqqının hesablanmasında tətbiq edilən əmsal, qiymətləndirmə subyektləri dedikdə isə avtonəqliyyat vasitələrinin qiymətləndirmə qrupu üzrə barəsində sığorta tarixçəsinə əsasən güzəşt və əlavələrin tətbiq edildiyi şəxslər nəzərdə tutulur.