Mövzu ilə bağlı Day.Az -a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, sürücülük hüququ olmayan birinə maşın icarəyə verilməsi mümkün deyil və bunu etməməlidirlər də.

O, bildirib ki, məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsində 200 manat məbləğində cərimə nəzərdə tutulub.

"Həmin avtomobillərin əksəriyyəti sığortalıdır. Lakin avtomobil sürücülük vəsiqəsi olmayan şəxsə verildiyi halda, baş verə biləcək hadisələr üzrə sığorta ödənişinin həyata keçirilməsi də problem yarada bilər və ya ümumiyyətlə mümkün olmaya bilər. Bəzən avtomobili vəsiqəsi olan şəxs götürüb sonradan vəsiqəsi olmayan birinə verə bilər. Ancaq bu halda da məsuliyyət aradan qalxmır".

Ekspert qeyd edib ki, avtomobili iki nəfərin idarə edəcəyi əvvəlcədən məlumdursa, bu məlumat müqavilədə qeyd olunur və əlavə sürücülər rəsmiləşdirilir:

Biz özümüz də avtomobil götürəndə belə hallarda bunu əvvəlcədən bildiririk. Ona görə də məsələni hansı tərəfdən qiymətləndirsək, bu əməl tamamilə qanunsuzdur. Hər hansı qəza və ya hadisə baş verərsə, o zaman məsuliyyət təkcə cərimə ilə məhdudlaşmaya bilər. Yol Polisi tərəfindən bununla bağlı müraciət də var və ümid edirik ki, insanlar bunu nəzərə alaraq belə hallara yol verməyəcəklə", - deyə o bildirib.