"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır."

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə bir hadisəni deyil, bütöv bir xalqın taleyində baş vermiş dönüşü ifadə edir. 15 İyun - Milli Qurtuluş Günü də məhz belə tarixi günlərdən biridir. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması, ölkədə siyasi sabitliyin bərqərar olması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Azərbaycan xalqı bu günü müstəqil dövlətçiliyimizin xilasının başlanğıcı kimi qiymətləndirir. 1997-ci ildə Milli Məclisin qərarı ilə 15 iyun tarixi Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi.

1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan qarşısında yeni imkanlarla yanaşı, ciddi problemlər də meydana çıxmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, sosial-iqtisadi böhran, idarəetmə sistemindəki problemlər və daxili siyasi qarşıdurmalar ölkəni olduqca ağır vəziyyətə salmışdı.

Müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik, qanunsuz silahlı dəstələrin fəaliyyət göstərməsi, müxtəlif bölgələrdə separatçılıq meyillərinin güclənməsi və hakimiyyət daxilində yaşanan qarşıdurmalar Azərbaycan dövlətinin gələcəyini təhlükə altına salmışdı. Ölkədə iqtisadi tənəzzül dərinləşir, əhalinin sosial vəziyyəti daha da ağırlaşırdı. Dövlət institutlarının zəifləməsi və idarəetmədə yaranan problemlər Azərbaycanın müstəqilliyinin davamlılığı ilə bağlı ciddi narahatlıq yaradırdı.

Böhran xüsusilə 1993-cü ildə daha da kəskin xarakter aldı. Həm cəbhə bölgəsindəki gərginlik, həm də ölkə daxilində baş verən siyasi proseslər Azərbaycanı parçalanma və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb zamanda cəmiyyətdə ölkəni bu vəziyyətdən çıxara biləcək təcrübəli, qətiyyətli və uzaqgörən siyasi liderə ehtiyac olduğu barədə ümumi fikir formalaşmışdı.

Azərbaycan xalqının böyük əksəriyyəti yaranmış böhrandan çıxış yolunu məhz Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görürdü. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin ölkəyə rəhbərlik etməsinin Azərbaycanın müstəqilliyinin qorunması üçün vacib olduğu düşünülürdü.

1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və ölkənin siyasi dairələrinin təkidli dəvətini qəbul edərək Bakıya qayıtdı. Ölkədə son dərəcə mürəkkəb və təhlükəli bir vəziyyətin hökm sürdüyü həmin dövrdə onun bu qərarı Azərbaycan dövlətçiliyinin taleyində mühüm dönüş nöqtəsinə çevrildi.

Hakimiyyət uğrunda mübarizənin və qeyri-sabitliyin hökm sürdüyü bir şəraitdə Heydər Əliyev yaranmış vəziyyətin həlli istiqamətində qətiyyətli addımlar atdı. O, həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi, baş vermiş qarşıdurmanın aradan qaldırılması və ölkədə sabitliyin bərpa edilməsi üçün fəaliyyət göstərdi. Bu addım onun dövlət və xalq qarşısındakı məsuliyyətinin təzahürü kimi dəyərləndirilir.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədə yeni siyasi mərhələnin başlanğıcı oldu. Həmin gün Ulu Öndər üzərinə düşən tarixi məsuliyyəti dərk etdiyini bildirərək Azərbaycanın dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi əsas vəzifə kimi müəyyənləşdirdi.

Heydər Əliyev həmin çıxışında deyirdi:

"Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm".

Bu siyasi xətt sonrakı illərdə Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas istiqamətinə çevrildi. İlk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, dövlət idarəçiliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

1993-cü ildən sonrakı dövr Azərbaycan tarixində dövlət quruculuğu və inkişaf mərhələsi kimi xarakterizə olunur. Ölkədə hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi, demokratik institutların formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl siyasət aparıldı.

Bu dövrdə Azərbaycanın iqtisadi inkişaf strategiyasının təməli qoyuldu. Enerji siyasətinin uğurla həyata keçirilməsi, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi və xarici investisiyaların cəlb edilməsi ölkənin gələcək inkişafına mühüm töhfələr verdi. Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, ordu quruculuğu və təhlükəsizlik sisteminin gücləndirilməsi də prioritet istiqamətlərdən oldu.

Heydər Əliyev hər zaman ölkədə sabitliyin və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayaraq bildirirdi ki, ictimai-siyasi sabitlik olmadan heç bir inkişaf proqramının həyata keçirilməsi mümkün deyil. Məhz sabitliyin təmin edilməsi Azərbaycanın sonrakı uğurlarının əsasını təşkil etdi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə də davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regional və beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirdi, iqtisadi və hərbi potensialını artırdı, böyük infrastruktur layihələri həyata keçirdi.

Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bu nailiyyətlər Ulu Öndər tərəfindən əsası qoyulan güclü dövlət quruculuğu siyasətinin davamıdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi". Bu fikir 15 İyun hadisələrinin ölkənin gələcək taleyində oynadığı rolu aydın şəkildə ifadə edir.

Bu gün 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının milli birlik, həmrəylik və müstəqil dövlətçilik iradəsinin təcəssümü kimi qeyd olunur. Bu tarixi gün ölkənin ən çətin sınaqlardan keçərək sabitlik və inkişaf yoluna çıxmasının rəmzidir.

Azərbaycan dövlətinin bu gün əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurların təməlində dövlətçiliyin qorunması, milli həmrəyliyin təmin olunması və uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi dayanır. Bu baxımdan, 15 İyun təkcə keçmişin xatirəsi deyil, həm də müasir Azərbaycanın formalaşmasının və gələcək inkişafının əsas dayaqlarından biri kimi tariximizdə yaşayır.

Sevil Mikayılova Milli Məclisin deputatı, IPU vitse-prezidenti