Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Ağsu rayonunda yerləşən aqroparkın direktoru Atababa İsayev İsmayıllıda Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, aqroparkda son illərdə tətbiq olunan müasir texnologiyalar və suvarma sistemləri məhsuldarlığın əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verib.

A.İsayev bildirib ki, 2020-ci ildə aqroparka səfər edən Prezident İlham Əliyevə suvarılan ərazilərdə buğda məhsuldarlığının hər hektardan 50 sentner təşkil etdiyi barədə məlumat verilib.

"Bu gün böyük qürur hissi ilə bildiririk ki, 2025-ci ildə buğda məhsuldarlığı hər hektardan 60-65 sentnerə çatıb. Hazırda isə 2026-cı il məhsulu üzrə inkişaf dinamikası davam edir və məhsuldarlığın 75-80 sentner səviyyəsində olacağı gözlənilir", - deyə o qeyd edib.

Direktor vurğulayıb ki, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə dəmir yolunun tabeliyində olan 800 hektar ərazidə müasir pivot suvarma sistemləri qurulub.

Onun sözlərinə görə, 2026-2030-cu illərdə əlavə 1000 hektar ərazidə yeni pivot suvarma sistemlərinin yaradılması nəzərdə tutulur.

A.İsayev qeyd edib ki, aqropark toxumçuluq sahəsində də müsbət nəticələr əldə edib. Belə ki, ötən il satışa çıxarılan toxumların həcmi 1500 ton təşkil etdiyi halda, cari ildə bu göstəricinin 2200 tona çatdırılması planlaşdırılır.

Direktor əlavə edib ki, hazırda müəssisədə 200-ə yaxın daimi işçi çalışır, mövsümi dövrlərdə isə işçilərin sayı 250 nəfəri ötür.

Bundan başqa, aqroparkda süd istehsalının illik 5 milyon litrə, ət istehsalının isə 500 tona çatdırılması hədəflənir.