Nazir müavini bildirib ki, sorğu iştirakçısı olan valideynlərin 43 faizi övladlarının sosial media istifadəsinə tam nəzarət edə bilmədiklərini qeyd edib. Araşdırmada sosial şəbəkələrdən istifadənin yaratdığı əsas risklər kimi psixoloji problemlər, asılılıq, vaxt itkisi və görmə qabiliyyətinin zəifləməsi göstərilib.

R.Həsənov qeyd edib ki, qanun layihəsinə əsasən, 16 yaşına qədər uşaqlar üçün yaş təsdiqi olmadan sosial şəbəkələrdə hesab yaradılması mümkün olmayacaq. 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı əsasında nəzarətli istifadə modeli tətbiq ediləcək. Bu halda platformalar valideyn nəzarəti paneli və müvafiq təhlükəsizlik alətlərini təqdim etməyə borclu olacaqlar.

Qanun layihəsi hazırlanarkən Avstraliya, Fransa və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrin təcrübəsi öyrənilib. Onun sözlərinə görə, xüsusilə Avstraliya nümunəsində ortaya çıxan çətinliklər, yeniyetmələrin məhdudiyyətləri müxtəlif yollarla aşmağa çalışması və platformaların yeni tələblərə tam hazır olmaması kimi məsələlər nəzərə alınıb. Bu səbəbdən Azərbaycanda keçid dövrünün və tətbiq mexanizmlərinin daha diqqətlə hazırlanması planlaşdırılır".