- В Азербайджане обсуждается законопроект об ограничении использования соцсетей детьми до 16 лет.
- Депутат Эльнара Акимова заявила, что регулирование необходимо для защиты детей от кибербуллинга и вредного контента.
- В парламенте Азербайджана предложено ограничить открытие аккаунтов в соцсетях для детей младше 16 лет.
- Азербайджан уже имеет законодательную базу по защите детей от вредной информации.
- Обсуждается мировой опыт регулирования детского доступа к соцсетям.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, uşaqların sosial mediadan istifadəsini tənzimləyən qanunvericiliyin qəbul olunması artıq seçim deyil, zərurət kimi gündəmə gəlir:
Söhbət uşaqların internetdən uzaqlaşdırılmasından getmir
"Mövzu olduqca həssas və aktualdır. Bu gün dünyanın ən böyük meydanı küçələr, parklar və ya məktəblər deyil, sosial şəbəkələrdir. Uşaqlarımızın böyük hissəsi artıq günün əhəmiyyətli hissəsini məhz virtual məkanda keçirir. Bir tərəfdən bu platformalar informasiya əldə etmək, öyrənmək və ünsiyyət qurmaq üçün geniş imkanlar yaradırsa, digər tərəfdən onların psixoloji sağlamlığı, mənəvi inkişafı və təhlükəsizliyi üçün ciddi risklər formalaşdırır. Məhz buna görə uşaqların sosial mediadan istifadəsini tənzimləyən qanunvericiliyin qəbul olunması artıq seçim deyil, zərurət kimi gündəmə gəlir".
Deputata vurğulayıb ki, söhbət uşaqların internetdən uzaqlaşdırılmasından getmir. Onun sözlərinə görə, məqsəd onların qorunmasıdır:
"Çünki rəqəmsal dünyada uşaqlar təkcə faydalı məlumatlarla deyil, zorakılığı təbliğ edən məzmunlarla, kiberzorakılıqla, dezinformasiya ilə, müxtəlif manipulyasiya üsulları ilə və yaşlarına uyğun olmayan görüntülərlə də qarşılaşırlar. Psixoloqlar uzun müddət sosial şəbəkələrdə qalmağın diqqət pozuntuları, depressiya, özünəinam problemləri və sosial təcrid riskini artırdığını dəfələrlə vurğulayıblar. Buna görə dövlətlərin bu sahədə məsuliyyət daşıması tamamilə təbiidir".
Azərbaycanda qanunvericilik təşəbbüsləri gündəmdədir
Elnarə Akimova bildirib ki, Azərbaycanda da məsələ artıq dövlət səviyyəsində müzakirə olunur:
"Milli Məclisdə müxtəlif çıxışlar zamanı 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması ilə bağlı təkliflər səsləndirilib və mövzunun qanunvericilik müstəvisində müzakirə edilməsinin vacibliyi vurğulanıb. Parlament rəhbərliyi tərəfindən də məsələnin gələcək sessiyalarda geniş şəkildə nəzərdən keçiriləcəyi bildirilib.
Əslində Azərbaycan bu istiqamətdə sıfırdan başlamır. Ölkəmizdə uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş qanunvericilik bazası formalaşdırılıb, internet təhlükəsizliyi və uşaqların rəqəmsal mühitdə müdafiəsi ilə bağlı müxtəlif dövlət proqramları və maarifləndirmə tədbirləri həyata keçirilir. Bu mövzu uzun illərdir həm parlamentdə, həm də mütəxəssislər tərəfindən diqqətdə saxlanılır".
Deputatın sözlərinə görə, dünya təcrübəsi də göstərir ki, problem qlobal xarakter daşıyır. O qeyd edib ki, Avstraliya 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə dair sərt məhdudiyyətlər tətbiq edən ilk ölkələrdən biri kimi diqqət çəkib:
"Bir sıra Avropa ölkələrində isə valideyn razılığı olmadan uşaqların müəyyən platformalarda qeydiyyatdan keçməsinə məhdudiyyətlər qoyulub. Azərbaycanda da Milli Məclisdə aparılan müzakirələr zamanı məhz Avstraliya, Norveç, Danimarka və digər ölkələrin təcrübəsinə istinad olunub.
Ən vacib məsələ odur ki, qanun qadağa xarakteri daşımamalı, balanslı olmalıdır. Uşaqların təhsil və informasiya almaq hüququ qorunmalı, eyni zamanda onların təhlükəsizliyi təmin edilməlidir. Burada valideynlərin, məktəblərin, dövlət qurumlarının və texnologiya şirkətlərinin ortaq məsuliyyəti var. Çünki sosial media şirkətləri milyardlarla gəlir əldə etdikləri halda, uşaqların təhlükəsizliyinə görə də məsuliyyət daşımalıdırlar".
Uşaqların gələcəyinə yönəlmiş qərar
Elnarə Akimovanın fikrincə, bu gün qəbul ediləcək düzgün qərarlar sabah bütöv bir nəslin taleyinə təsir göstərə bilər. O vurğulayıb ki, məsələ sadəcə sosial şəbəkə hesabından ibarət deyil:
"Məsələ uşaqların gələcəyidir. Biz onların rəqəmsal dünyanın imkanlarından faydalanmasını istəyirik, amma eyni zamanda həmin dünyanın təhlükələri qarşısında müdafiəsiz qalmasını qəbul edə bilmərik. Buna görə də uşaqların sosial mediadan istifadəsini tənzimləyən müasir və effektiv qanunun hazırlanması həm cəmiyyətin, həm ailələrin, həm də dövlətin maraqlarına xidmət edən vacib addım kimi qiymətləndirilməlidir", - o qeyd edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий